Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Əsas problemlərdən biri...

 17:22 30.05.2019     545

Ölkə başçısının fərmanına əsasən, MTK sədrlərinə çatışmazlıqları sentyabrın 19-dək aradan qaldırmaqla bağlı tapşırıq verilib.

Mövcud proseslə bağlı Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, əksər şirkət fərmanın icrasında və yaşayış binalarının istismara qəbul edilməsində maraqlı deyil:

“MTK-larda mövcud olan çatışmazlıqlar müxtəlifdir. Çatışmazlıqlardan biri layihədə edilən dəyişikliklə bağlı olur. Yəni, tikinti işləri təqdim olunmuş layihə üzrə aparılmır. Bundan başqa, yanğından mühafizə sisteminin standartlara uyğun olmaması əsas problemlərdən biridir. Bu problemi aradan qaldırmaq üçün son illər müasir standartlara uyğun sistemlərin tətbiq edilməsinə başlanılıb.

İnşa edilən əksər yaşayış binalarının şirkətlər tərəfindən tikilməməsi sakinləri çətinliyə salır.

Adətən yaşayış binaları iri şirkətlər tərəfindən tikilir və sonradan da  sakinlərin bu şirkətlərə müraciət etməsi mümkün olur. Lakin hansısa qurum tərəfindən inşa edilmiş yaşayış binaları da var ki, bina sakinlərə təhvil veriləndən sonra qurum rəhbəri ilə əlaqə yaratmaq mümkün olmur. Belə ki, bir neçə şəxs birlikdə şərikli bina tikir və mənfəəti əldə etdikdən sonra hərəsi öz yolu ilə gedir. Əsas problemlərdən biri də məhz budur. Çünki bu binaların sənədləşdirilməsi ilə bağlı hazırkı prosesin uzanmasına və layihənin işinə mane olur. Bu zaman isə yük həmin binada yaşayan sakinlərin üzərinə düşür. Sakinlər isə bu məsələdə maraqlı deyil.

Bəzi şirkətlər yaşayış binasının istismara qəbul olunmasında maraqlı deyil.

Bəzi şirkətlər binanı inşa etdikdən sonra istismara qəbul edilməsində maraqlı olmur. Bu şirkətlər təkrar satışdan mənfəət əldə etmək üçün hazırkı prosesin uzadılmasına can atırlar. Bu tendensiya mövcud vəziyyətdə geniş yayılıb. Çünki bəzi şirkətlərin bazarda 10-15 min mənzili var. Ay ərzində bu mənzillərin bir neçəsinin təkrar satışı zamanı şirkət tərəfindən bir neçə min manat vəsait tələb olunur. Bu baxımdan həmin şirkətlər fərmanın icrasına maraq göstərmirlər.

Yeni komissiyanın yaradılması zəruridir.

Fərmana əsasən, nəzərdə tutulan proseslərlə bağlı mövcud olan şirkətlər tərəfindən canlanma hiss olunur. Lakin şirkəti olmayan yaşayış binalarında ehtiyac olan xərclər ödənilmir. Bu və prosesə mane olmaq istəyən şirkətlərə qarşı dövlət tərəfindən xüsusi komissiya yaradılmalıdır. Onların fəaliyyəti əsaslı şəkildə araşdırılmalı və lazımi tədbirlər görülməlidir”.

Qeyd edək ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Fərmanın tapşırığına uyğun olaraq, növbəti mərhələ kimi 2019-cu il sentyabrın 19-dək çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət olunmalıdır.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən