Bu səlahiyyətlər bələdiyyələrə VERİLMƏLİDİR - Ekspert AÇIQLADI

 17:29 03.06.2019     1237

Bələdiyyələr və onların fəaliyyəti ilə bağlı məsələlər yenidən gündəmdədir.

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyələrin fəaliyyəti isə cəmiyyət tərəfindən laqeyd qarşılanır.

Maraqlıdır ki, hazırda bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var:

“Hazırda bələdiyyələrin fəaliyyəti daha çox kənd və rayonlarda müşahidə olunur. Çünki bölgələrdə torpaqların icarəyə verilməsi, əkilməsi və ya satılması baxımından  idarəçilik bələdiyyələrin üzərinə düşür. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə bələdiyyələrin ciddi fəaliyyəti müşahidə olunmur. Sadəcə dövlətin ayırdığı bəzi torpaq sahələri var ki, bələdiyyə o torpaqların satışı ilə məşğuldur. Şəhərdən kənarda olan bu ərazilərin idarəetməsi isə  vətəndaşlarla bələdiyyə münasibətlərində nisbətən normallaşma yaradır. Digər hallarda vətəndaşlarla bələdiyyələr arasında soyuq münasibət var.

MTK və köhnə binaların nəzarəti bələdiyyələrə verilməlidir.

Yeni tikilən binaların 90%-i MTK-nın komendat sistemi tərəfindən idarə olunur. Nəticədə hər bina istədiyi kommunal qiyməti təyin edir və sakinlərdən pul yığılır. Kommunal qiymətlərin stabilliyi üçün yeni tikililərin, köhnə 5 və 9 mərtəbəli binaların, fərdi yaşayış evlərinin idarəetməsinin bələdiyyələrə verilməsi məqsədəuyğundur. Bu addım kommunal xərclərin 30-40 % aşağı düşməsinə səbəb ola bilər. İdarəçiliyin bələdiyyələrə verilməsi bələdiyyə-vətəndaş münasibətini də yaxşılaşdıra bilər.

JEK-lər bələdiyyələrin nəzarətinə keçməlidir.

Mənzil İstismar İdarələrinin işçiləri yaşayış binasının idarəçiliyini çox yaxşı bilirlər. Çünki uzun illərdir ki, vətəndaşlarla münasibətdədirlər. JEK-lərin məlumatlarından faydalanaraq, normal bir struktur yaratmaq mümkündür. Bu addım bələdiyyələrin büdcəsinə də müsbət təsir edə bilər. Belə ki, yaşayış binasında hər hansısa problem yaranarsa, artıq dövlət büdcəsindən vəsait ayrılmasına  ehtiyac qalmaz”.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı millət vəkili Tahir Rzayev isə açıqlamasında vurğulayıb ki, bələdiyyələrin fəaliyyətinə tətbiq edilən dəyişikliklər operativliyi təmin edəcək:

“Bələdiyyələrin fəaliyyətində inzibati nəzarəti həyata keçirmək üçün orqan tərəfindən müəyyən yoxlamalar aparılır. Bu yoxlamalara sərf edilən vaxtın azaldılması və operativliyin təmin edilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Ümumilikdə bələdiyyələrin səlahiyyətləri yetərincədir. Sadəcə bu səlahiyyətlərdən düzgün istifadə edilməlidir. Bələdiyyələr inkişaf etdikcə, səlahiyyətləri də artacaq. Hazırda bir çox qanunlarda bələdiyyələrin vəzifələri müəyyən olunub.

Bütün sahələrdə nöqsanın olması normaldır. Çünki həyat inkişaf etdikcə, qarşıya yeni çətinliklər və vəzifələr çıxır. Əlbəttə ki, bu inkişaf bələdiyyələrin də məsuliyyətini artırır. Hazırda bələdiyyələrin nöqsanları çoxdur. Lakin işinin öhdəsindən gələn yaxşı bələdiyyələr də var. Hansı ki, onlar daim əhali ilə əlaqə yaradır, yerli əhəmiyyətli sosial-iqtisadi problemləri vaxtında həll etməyə çalışırlar.

Əsas problem vətəndaşların bələdiyyələrə etimadının aşağı olmasıdır.

Bu gün bələdiyyələrlə vətəndaşların sıx əlaqəsi mövcud deyil. Müəyyən etimadsızlıq ucbatından bələdiyyələrin hüquq və səlahiyyətləri düzgün qiymətləndirilmir. Qanunu yaxşı bilməyən vətəndaş bütün məsələlərin həllini bələdiyyədən gözləyir. Halbuki, bələdiyyələrin səlahiyyətləri müəyyən yerə qədərdir. Bu cür nöqsanların aradan qalxması üçün əlaqələr yaxşılaşdırılmalıdır. Builki bələdiyyə seçkilərində işini bilən, hüquqi cəhətdən savadlı şəxslərin seçilməsi mövcud problemlərin həllinə müsbət təsir edə bilər”.

Qeyd edək ki, ötən ay "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna dəyişiklik edilib.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən