700 bal təhsilin keyfiyyət göstəricisi SAYILMIR - Elə olsaydı...
Əksər insan tərəfindən təhsil sistemində yüksək balın təyin olunması keyfiyyət gösəricisi kimi qiymətləndirilir.
Ümumiyyətlə, 700 bal təhsilin keyfiyyət göstəricisi sayıla bilərmi?
Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, toplanan bal heç də abituriyentin savadlı olmasını göstərmir:
“Əslində 700 bal təhsilin keyfiyyət göstəricisi sayılmır. Elə olsaydı, 2007-ci ildən toplanan 700 ballar 12 ildə, ümumiyyətlə, 500-dən yuxarı ballar 27 ildə ölkə universitetlərini bitirmiş minlərlə istedadlı kadrın göstərici meyarı ola bilərdi. Qəbul-seçim imtahanından sonra unudulan mexaniki əzbərləmə materialları tam göstərici deyil və prosesi dolğun əks etdirmir. Burada metodiki yanlışlıqlar və yanaşma natamamlıqları çoxdur.

Hazırda orta məktəblərdə dərslik problemi mövcuddur.
Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Bunun səbəbi o idi ki, imtahanlar üçün lazımi resurs yox idi, test imtahanı tam şəkildə oturuşmamışdı. Hətta ixtisas qrupları daxilində müxtəlif fənlərdən iştirakçılar imtahan verirdi. Yəni, ümumiləşmiş fənn bloku adı altında humanitar ixtisaslara gedənlər təbiət və texniki fənlərdən, təbiət və texniki fənlərə gedənlər humanitar fənlərdən imtahan verirdilər ki, bu sualların cavablandırılmaması onların balına təsir göstərirdi.
2007-ci ildən etibarən isə 700 bal toplayan ona görə oldu ki, müəyyən maneələr, ümumi fənn bloku, resurs çatışmazlığı aradan qalxdı. TQDK (indiki DİM) ilk dəfə 2001-ci ildə fənlər üzrə test bankı çap etdi. Siniflər üzrə testlər 2003-cü ildən sonra çap olunmağa başladı və bundan sonra imtahan iştirakçıları sistemli şəkildə qəbul imtahanlarına hazırlaşmağa başladılar. 2018-də 29 nəfər 700 bal toplayıb. Lakin bu il 700 bal toplayan abituriyent olmadı. Bunun isə 3 səbəbi var. Əsas səbəb odur ki, yeni imtahan modeli üçün lazımi resurlar hazırlanmayıb. 90-cı illərdə ona görə 700 bal yox idi ki, imtahan iştirakçıları üçün vahid kitab, test yox idi. Hətta orta məktəblərdə dərslik problemi var idi. Təəssüf ki, həmin vəziyyət indi də mövcuddur.
Yeni kurikulum dərsliklərinə uyğun test bankı yoxdur.
Yeni imtahan modeli adı altında nəşr etdirilən fənlər üzrə test bankların hamısı köhnə dərsliklərindir. Yeni kurikulum dərsliklərinə uyğun test bank yoxdur. Yeni test bankında olan minlərlə test var ki, hal-hazırda qəbul proqramına daxil olunmuş dərsliklərdə yoxdur. XI siniflər üçün sinif testi çap olunmayıb. Bu il imtahan verən XI sinif şagirdi XI sinif üzrə sinif testlərini, yeni imtahan modelinə uyğun test görmədən qəbul imtahanı verir. Yoxlama prosesində marketlər müəyyən qədər səhvlərə yol verirlər. Şablon cavablar yalnız doğru hesab olunur ki, bu da qüsurlu yanaşmadır. Ümumiyyətlə, test imtahanında toplanan bal bilik, savad göstəricisi ola bilməz. Test sadəcə olaraq seçim üsuludur”.
Qeyd edək ki, 1992-2006-cı illərdə 700 bal toplayan abituriyent olmayıb. 2007-ci ildə 3 nəfər, 2008-ci ildə 6 nəfər, 2009-cu ildə 2 nəfər, 2010-cu ildə 7 nəfər, 2011-ci ildə 4 nəfər, 2012-ci ildə 5 nəfər, 2013-cü ildə 6 nəfər, 2014-cü ildə 9 nəfər, 2015-ci ildə 15 nəfər, 2016-cı ildə 10 nəfər, 2017-ci ildə 15 nəfər, 2018-ci ildə 29 nəfər 700 bal toplayıb. 2019-cu ildə isə hələlik yoxdur.
Gülşən Şərif / Redaktor.az












