Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Ekspertdən MÜHÜM TƏKLİF

 11:58 08.06.2019     2569

Əmlak bazarındakı fırıldaqlardan biri də tikilməkdə olan mənzilin eyni anda bir neçə nəfərə satılmasıdır.

Bundan başqa, tikilməkdə olan mənzilin pulunun tikinti şirkəti tərəfindən vətəndaşdan öncədən alınması və işin vəd edilən kimi təhvil verilməməsidir. Bu amillər isə vətəndaşların ödənişinin risk qrupuna daxil olmasına yol açır.

Maraqlıdır, sığorta şirkətləri tikinti sahəsində nə dərəcədə maraqlıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, banklarla işləməyən tikinti şirkətlərindən mənzil almaq təhlükəlidir:

“Bu gün yeni tikililərin sayı artmaqdadır. Lakin buna baxmayaraq, alıcı qıtlığı yaşanır. Çünki hazır olmayan yeni tikilidən ev almaqda vətəndaşlar ehtiyatlı davranırlar. Ola bilər ki, bir mənzil bir neçə nəfərə satılsın və ya tikintisi başa çatmasın. Vətəndaşların alıcılıq qabiliyyətinin aşağı olması isə tikinti şirkətlərini çətinliyə salır. Hazırda vətəndaşlar tikintisi başa çatmayan binalardan mənzil almırlar.

Yeni tikilidən ev alacaq vətəndaşların ödədiyi vəsait sığortalanmalıdır.

Əksər vətəndaş bir çox böyük şirkətlərdən dövlət ipotekası əsasında illik 8-10%-lik  vəsaitlə tikiləcək binadan mənzil alır. Bu vətəndaşların vəsaiti sığortalanır. Çünki böyük şirkətlər işə başlamadan öncə tikintinin ilkin çıxarışını alır. Həmin şirkətlərin bəlli büdcəsi olduğuna görə, hər hansısa bankla işləyirlər. Banklarla işləməyən tikinti şirkətlərindən mənzil almaq isə risklidir. Qanunvericiliyə görə, vətəndaş pulu hissə-hissə ödəyə bilər. Lakin əksər tikinti şirkəti məbləği tam tələb edirlər. Çünki bu tikinti şirkətləri bankla işləmədiyinə görə, uzunmüddətli fəaliyyət göstərmirlər və vətəndaşın ödənişi hissə-hissə etməsində maraqlı olmur. Bu riskin qarşısını almaq üçün tikilməkdə olan binalardan mənzil alan vətəndaşların ödədiyi məbləğin sığortalanması məqsədəuyğun hesab oluna bilər. Məsələn, binanın hələlik 2 və ya 3-cü mərtəbəsi tikilirsə, 10-cu mərtəbədəki mənzil üçün vətəndaşın ödəniş etməsi risklidir. Tikinti işlərinin sürətli getməsi isə satışdan asılıdır. Yəni, şirkət nə qədər çox mənzil satarsa, əlində bir o qədər çox vəsait olar. Nəticədə tikinti şirkəti binanı tezliklə tikib, təhvil verə bilər. Vətəndaşın ödədiyi məbləğin sığortalanması həm də MTK-ya qarşı etimad yaradar. Vəsaitin sığortalanması tikinti şirkətlərinə inamı artıra bilər.

Vəsaitlərin sığortlanması əmlak bazarında sağlam rəqabət mühiti yarada bilər.

Bir sıra ölkələrdə vətəndaşın vəsaiti sığortlanır. Bu isə əmlak bazarında canlanmaya və rəqabət mühitinin formalaşmasına müsbət təsir edir. Təəssüf ki, Azərbaycanda sığorta şirkətləri bu məsələdə maraqlı deyil və bunu riskli hesab edirlər”.

Sığorta eksperti Xəyal Məmmədxanlı isə bildirib ki, sığorta şirkətlərinin daşınmaz əmlak məsələsinə aid mövzulara maraqlı olmamasının bir neçə səbəbi var. Bunlardan biri hazırkı tikinti şirkətlərinin əksəriyyətinin fəaliyyətinin qeyri-şəffaf olmasıdır:

“Çıxarışı olmayan evlərin sığortlanması mümkündür. Bir şərtlə, ən azından müqaviləsi olmalıdır. Çünki qanunvericiliyə görə, müvafiq mülkiyyət hüququnu tətbiq edən sənədin olması vacibdir. Vətəndaşın ödədiyi məbləğin sığortalanması əmlak sığortası sayılmır. Vətəndaşın tikintisi bitməyən mənzil üçün ödədiyi vəsaitin sığortalanması maliyyə risklərinin sığortası sayılır. Əksər sığorta şirkəti isə maliyyə risklərini sığortalamaqdan imtina edir. Çünki tikinti şirkətlərinin 90%-i vaxtilə vətəndaşların çoxunu aldadıb və qaçıb. Azərbaycanda rəhbərliyi və hesabatı şəffaf olan tikinti şirkətlərinin sayı olduqca azdır. Sığorta şirkətləri bu amilə xüsusilə önəm verirlər. Keçmiş fəaliyyəti bəlli olmayan və şəffaf hesabata malik olmayan tikinti şirkətləri ilə heç bir sığorta şirkəti əməkdaşlıq etmək istəmir.

Vətəndaş ev almadan öncə şirkətin müqavilələrinə ciddi fikir verməlidir.

Bundan başqa, vətəndaş mənzilin təhvil verilməsi ilə bağlı şirkətdən zəmanət almalıdır. Əks halda, bankdan ödədiyi pulu çıxarmaq imkanı olmalıdır. Eyni zamanda, vətəndaş şirkətin 5-10 illik tarixinə və fəaliyyətinə baxmalıdır. Şirkət bütün binaları vaxtında təhvil verməyibsə və maliyyə vəziyyəti normal deyilsə, qərar vermədən öncə yaxşı düşünməlidir. Elə şirkət var ki, milyon manatlıq iş gördüyünü desə də, balansında vəsait tapılmır. Bu şirkətlərə etibar etmək olmaz.

İnşaat sektorunda nəzarət işi gücləndirilməlidir.

İnşaat şirkətinin məsuliyyətini sığortalamağa ehtiyac var. Bura yalnız maliyyə resursları deyil, ətrafa vurulan ziyanlar da daxil edilməlidir. İnşaat şirkətlərinin hesabatlarını rəsmi şəkildə həyata keçirmək vacibdir. Bundan başqa, mənzil sertifikatlarının verilməsinə ehtiyac var. Bu, artıq binanın təhvil verildiyini göstərir. İşi təhvil verməyən və ya qüsurlu təhvil verən tikinti şirkətlərinə qarşı məsuliyyət ciddi şəkildə sərtləşdirilməlidir. Həmçinin inşaat şirkətlərinin istifadə etdiyi materialların standartlara cavab verib-vermədiyinə nəzarət olunmalıdır. Ümumilikdə tikinti sahəsində həddindən artıq boşluqlar var. Bu boşluqlar sığorta şirkətlərinin maraqları ilə üst-üstə düşmür”.

 Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən