Təhsil infrastrukturunun inkişafı tədrisin keyfiyyətini ARTIRA BİLMİR - Ekspert problemlərdən DANIŞDI

“İnfrastrukturun yenilənməsi tədrisin keyfiyyətinə müsbət təsir edə bilər. Lakin bu imkandan düzgün istifadə edilmir".
Bu sözləri “Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, yanlış idarəetmə nəticəsində təhsil infrastrukturunun inkişafı tədrisin keyfiyyətini artıra bilmir:
“70-ci illərdə Ulu öndər Heydər Əliyev nüfuzundan istifadə edərək, Azərbaycanda 1000-ə yaxın məktəb tikdirib. Heydər Əliyev Fondu yaranandan sonra Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda 3000-ə yaxın məktəb yenidən qurulub və ya əsaslı təmir olunub. Yəni, təhsilin infrastrukturunun yeniləməsi ilə bağlı ölkədə inqilabi işlər görülüb. Bu baxımdan Prezident İlham Əliyevin son sərəncamı da təqdirəlayiqdir.
Bu gün Bakı məktəbləri arasında şagird sıxlığı çox ağır vəziyyətdədir.
Mövcud vəziyyətdə bəzi siniflərdə şagird sayı 40-50 nəfərə çatır. Halbuki, qanunvericiliyə görə, bir sinifdə 24 şagird olmalıdır. Prezidentin son sərəncamları məktəblərdə şagird sıxlığının azalmasına yol açacaq. Çünki Bakıda hər il 1-ci sinifə təqribən 10 minə yaxın şagird qəbul olur. Bu isə o deməkdir ki, məktəblərin sayının artırılmasına ehtiyac var”.
Atılan addımların tədrisin keyfiyyətinə təsirləri ilə bağlı ekspert vurğulayıb ki, təəssüf ki, Təhsil Nazirliyinin fəaliyyəti ürəkaçan deyil:
“Tədrisin keyfiyyəti üçün təhsil infrastrukturunun inkişafı, maddi-texniki bazanın olması vacibdir. Lakin tədrisin keyfiyyətinin qaldırılması üçün ilk növbədə, Təhsil Nazirliyi davamlı işlər görməlidir. Təəssüf ki, tədrisin keyfiyyəti qənaətbəxş hesab olunmur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllimlərin peşəkarlığının artırılmasına, dərs yükünün azaldılmasına, tədris dilinin düzgün istifadə olunmasına ehtiyac var”.
Qeyd edək ki, Prezident İlham Əliyev təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, təhsil infrastrukturunun inkişafı ilə bağlı 18 milyon manat vəsait ayrılıb.
Gülşən Şərif / Redaktor.az