36 tondan çox Azərbaycan pomidoru NİYƏ GERİ QAYTARILDI?

 17:50 12.06.2019  1740

Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarıb.

Məlumdur ki, dövlət ixracı stimullaşdırmaq üçün prosedurları getdikcə sadələşdirir. Lakin bəzi hallarda ixrac olunan kənd təsərrüfatı məhsullarımız geri qaytarılır.

Bu məsələ ilə bağlı iqtisadçı İlham Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, bu vəziyyətin qarşısını almaq üçün xarici ticarət dövriyyəsi ilə bağlı yeniliklərə ehtiyac var:

“Rusiyanın kənd təsərrüfatı məhsullarımızı geri qaytarması ilk hadisə deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin subyektiv səbəblər daha çox üstünlük təşkil edir. Bu baxımdan hər iki ölkənin iqtisadi qurumları ticarət dövriyyəsi məsələsinə yenidən baxmalıdır. Belə ki, məhsulların ixracı dövlətlərarası müqavilələrlə tənzimlənməlidir. Bu məsələnin müzakirəsi olduqca vacibdir. Çünki ixrac olunan malların çox olması ölkəyə valyuta gəliri gətirir. İxrac olunan mallarımızın geri qaytarılması kütləvi hal olmadığına görə, rəqabət qabiliyyətinə ciddi təsir etmir. İxrac olunan məhsullarımızın keyfiyyəti isə müzakirə mövzusudur”.

Qeyd edək ki, Azərbaycandan Stavropol Vilayətinə ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidor göndərilib. Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib.

Gülşən Şərif / Redaktor.az