"İslam dinində təriqətçiliyi rədd edirəm" - Fazil Mustafa

 23:14 12.06.2019     577

"Cəhalətə qarşı mövqeyimizi başqa yerlərə yozmayın".

Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa açıqlamasında bildirib.

O, qeyd edib ki, bəziləri cəhalətə, xurafata qarşı mövqeyini əhəmiyyətsizləşdirmək üçün maraqlı metod tapıb:

"Yazırlar ki, Fazil Mustafa nadanlığa, geriçiliyə qarşı çıxışlar edərkən şiəliyə qarşı qərəzini ortaya qoyur. Bəri başdan deyim ki, İslam dinində hər hansı məzhəbçiliyi və təriqətçiliyi rədd edirəm. Qurandan başqa mənbə, Məhəmməddən başqa dini avtoritet tanımıram. Yəni müsəlmanlığı, onun ilahi kitabını və göndərilmiş peyğəmbərini priorotet olaraq götürürəm. İndi kimə qarşı olmağımın bir anlaşılmazlığı varmı? Varsa deyim. İslam dinini qəbul edən ağıllı insanları dəyərləndirirəm, axmaqları da dini nüfuzdan salan elementlər olaraq görürəm. Bu cür ağıllı insanlar da, bu cür axmaq insanlar da şərti olaraq özlərini sünni, şiə, sələfi, nurçu, vəhabi, talibançı, işidçı, əl-qaidəçi, hizbullaçı adlandırsa, bizim üçün nə fərq edər? Özünə müsəlman deyən hər kəs daxilən anlayır ki, pirlər, ibadətgahlar, seyidlik, ələmlər, zəncirlər, sağğal-balaq müştəbehliyi, "Allahu əkbər" çağırışı ilə edilən qatilliklər, siğəbazlıqlar kimlər üçünsə hansısa dəyəri ifadə edə bilər. Ancaq heç bir halda İslamla, onun yolgöstərən kitabı Quranla əlaqələndirilə bilməz. İslam elm dinidir, əxlaq dinidir, cəhaləti ona yaramazlar, danabaşlar, geri zəkalılar ayrı-ayrı adətlər, mərasimlər formasında qoşublar. Bunlardan təmizlənmədikcə, hər kəs İslam adına öz qaloşunu, corabını cahil insanlara iylətməyə davam edəcəkdir. Özünə şiə və ya sünni deyən inanclılar özlərini bir adla- müsəlman kimi tanımayana qədər axmaqcasına bir-birinə kin-küdurət bəsləməyə davam edəcəklər. Ona görə də cəhalətə qarşı mövqeyimizi başqa yerlərə yozmayın, sadəcə səhviniz, yanlışınız, eybiniz varsa, Qurandan mükəmməl mənbə yoxdur, bir də təkrar ora qayıdın, oxuyun, düzəldin".

Gülşən Şərif/ Redaktor.az