Yay məktəblərinə getmək istəyən ŞAGİRDLƏR! - MÜTLƏQ OXUYUN

 17:35 13.06.2019     870

Zaman keçdikcə yay məktəblərinə marağın artdığı müşahidə olunur.

Yay məktəbləri əsasən yay tətili zamanı şagirdlərin istirahətlərini maraqlı və əyləncəli keçirməsi üçün təşkil olunur. Bəs, yay məktəbləri şagirdlərə nə verir?

Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, uşaqların inkişafı baxımından yay məktəblərinin fəaliyyəti vacibdir:

“Azərbaycanda yay məktəbləri ölkə daxilində və xaricində təşkil olunur. Bu, uşaqlar və gənclər arasında idman növlərinə, müəyyən fənlərə, xarici dillərə olan məlumatlılığın və marağın artırılması məqsədilə təşkil edilir.

Xaricdə yay məktəbləri 8-17 yaşarası olan uşaqlar üçün nəzərdə tutulur.

Yay Məktəbləri təşkil olunanda bir neçə vacib nüansı nəzərə almaq lazımdır. Cəlb olunanların yaş senzi, sağlamlıq və psixoloji vəziyətinə xüsusilə diqqət göstərilməlidir. Uşaqlar üçün yay tətilinin təşkili, düzgün düşərgənin seçimi bir çox valideynlərin qarşısında çətinlik yaradır. Valideynlər ilkin növbədə, təhlükəsizlik axtarır. Uşaqların yay tətili proqramı tam təhlükəsiz olmalıdır. İkinci növbədə, yay tətili proqramı uşaqların sağlamlığına müsbət təsir göstərməlidir. İlboyu stol arxasında oturan şagird yay tətilini aktiv keçirməlidir. Yay tətili ərzində uşaqlar yeni biliklər qazanmalıdırlar. Bu amillər xaricdə keçirilən yay tətilinin əvəzolunmaz xüsusiyyətidir. Hava şəraiti də uşaqların müxtəlif sosial fəaliyyətlərlə məşğul olmasına imkan yaradır.

Uşaqların inkişafı üçün yay məktəblərinə göndərilmə məqsədəuyğundur.

Valideynlər övladlarının yay tətilinin səmərəli, faydalı və ən əsası, maraqlı keçməsini istəyirsə, onları yay məktəblərinə göndərməlidirlər. Ölkəmizdə bu xidməti göstərən çoxsaylı mərkəzlər var. Bütün qeydiyyat onlayn qaydada həyata keçirilir.

Əsas problem, müddət məsələsinin düzgün təmzimlənməməsidir.

Yay məktəblərinin keçirilmə yeri ilə bağlı problem var. Mərkəzi ərazilərdə yay məktəblərinin təşkili alınmır. Eyni zamanda, peşəkar kadrların çatışmazlığı müşahidə olunur. Tələb olunan xidmət haqları hədsiz dərəcədə yüksəkdir və hər kəsin istifadə etmə imkanları xaricindədir. Ona görə də hər bir uşağın yay məktəblərinin xidmətindən yararlanması üçün müvafiq addımlar atılmalıdır”.

Gülşən Şərif / Redaktor.az