"Rayonlarda məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir" - Komitə sədri

 11:57 18.06.2019     397

"Son illər idarəetmədə və seçkili orqanlarda təmsil olunan qadınların sayı artıb".

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı beynəlxalq konfransında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib  ki, Azərbaycanda əhalinin yarıdan çoxu qadınlardır və onlar ölkənin inkişafında iştirak etməlidirlər: "Qadınların inkişaf etməsi üçün onlarda  özünə qarşı inamın  yaranması da vacibdir. Biz sevinirik ki, ölkəmizdə sahibkar qadınların sayı artır. Kəndlərdə də qadınların biznes layihələrinə cəlbi istiqamətində aparılan işlərin yaxşı nəticələri  var. Bu gün sahibkarlığın inkişafı üçün rayonlarda 8 Resurs Mərkəzi yaradılıb. Bu işlərin nəticəsidir ki, artıq rayonlarda məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir". 

H.Hüseynova deyib ki, bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb: "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq qadınların təhsilə cəlbinə, onların  siyasi qərarların qəbulunda iştirakına müsbət təsir göstərə bilər. Lakin bununla bağlı bəzi ölkələrdə hələ də problemlər var. Azərbaycanda isə qadın hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası yaradılıb".

H.Hüseynova bildirib ki, Azərbaycanda qadın hüquqları üzrə QHT-lərin sayı artıb və  200-dən çoxdur, amma həll olunmamış problemlər var və onların həlli üçün işlər görülməlidir. Azərbaycanda uşaqların hüquqlarının qorunması məsələsinə də toxunan H.Hüseynova deyib ki, Azərbaycanda heç bir uşaq diqqətsiz qalmır: "Azərbaycanda Uşaq Strategiyası layihəsinin hazırlanması üzrə aparılan işlər artıq son mərhələdədir. Sənəd layihəsinin yaxın vaxtlarda qəbulu gözlənilir".