Qan davaları niyə artıb? - SƏBƏBLƏR HEYRƏTLƏNDİRƏCƏK

 16:03 18.06.2019     907

Son zamanlar daha çox  müxtəlif motivli cinayət hadisələrinin şahidi oluruq. 

Bu cinayət hadisələri fonunda, qan davaları nəticəsində baş verən kriminal hadisələrdə aktivlik müşahidə olunur.

Görəsən, bunun səbəbi nədir?

Psixoloq Tariyel Faziloğlu Redaktor.az-a açıqlamasında bildirib ki, qan davası Azərbaycanda kökü olmayan bir ədavət prinsipidir:

“Qan davası Anadolu ərazisində geniş yayılan ənənədir. Əsasən kürd kökənli ailələr, nəsillər arasında qan davaları uzun illər davam edir. Bu dava zamanla aşirətlər tərəfindən Türkiyənin digər ərazilərində də yayılmağa başlayıb. Qan davası nəticəsində baş verən cinayətlər, adətən qisasçılıq və şəxsi ədavət motivləri ilə baş verir. Azərbaycanda isə bu ənənənin kökü yoxdur".

Qan davasının artmasına film və seriallar təsir edir.

Ölkəmizdə qan davalarının artmasına təsir edən səbəblərdən biri kriminal xəbərlərin mətbuatda geniş yayılmasıdır. Digər tərəfdən, türk televiziyalarında yayımlanan serialların təsiri də az deyil. Türkiyənin televiziya kanallarında qan davası ilə bağlı düşünülmüş filmlər, seriallar çəkilir. Ssenarinin məlum mövzu üzərində qurulması, qan davasındakı personajın müsbət rol olaraq təqdim olunması, xüsusən də gənclərə psixoloji təsir edir. Bu tendensiya özünü təsdiq etmək ehtiyacı duyan gənclər arasında geniş yayılır və nəticədə qan davası kimi mənfi nəticələrə şərait yaranır. Həmin serial və filmlər təkcə qan davası deyil, bütünlükdə kriminal hadisələrin artmasına yol açır.

İnformasiya siyasətində kompleks tədbirlər həyata keçirilməlidir.

Kriminal informasiyalar və hadisələrin neytrallaşdırılması üçün informasiya və təhsil sistemində proqram qəbul edilməlidir. Ölkənin humanist dəyərlər sisteminin daha dolğun formalaşdırılmasına ehtiyac var. Əks halda, qan davası tendensiyası getdikcə artacaq”.

Vəkil Xəyal Bəşirov isə bildirib ki, qətl hadisələri ilə bağlı cəzaların sərtləşdirilməsi və cəzaçəkmə müəssisələrinin sayının artırılması heç də effektiv təsirə malik deyil:

Cinayətkarlığın aradan qaldırılması üçün dövlət səviyyəsində humanizm prinsiplərinə üstünlük verilir. Yəni, bəzi hallarda cinayət törədən şəxslə zərərçəkmiş şəxsin barışığına dair cəzaların yüngülləşdirilməsi öz müsbət təsirini göstərir. Bu, dünya təcrübəsində də mövcuddur. Lakin bunu qan davasına şamil etmək olmaz.

Qan davası fonunda baş verən cinayətlər cinayətkarlığın maksimum 5%-ni təşkil edir.

Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzaladı. Yəni, cinayət törədən şəxsə qarşı cəmiyyətdən təcrid edilməmək şərtiylə cəzalar tətbiq olunmalıdır. Bu sərəncam nəticəsində Cinayət Məcəlləsində 300-ə  yaxın maddədə dəyişiklik edilib. Bir neçə maddə isə ümumiyyətlə çıxarılıb. Hazırda qanunvericilikdə 13-ə qədər cəza növü mövcuddur.

Qan davası çox ağır cinayət kateqoriyasına daxildir.

Cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və çox ağır kateqoriyalara bölünür. Qan davasının daxil olduğu kateqoriyada həyata keçirilən dəyişiklik effektiv təsirə malik olmur. Çünki bilərəkdən hansısa şəxsin həyatına son qoymaq qanun və hüquqi cəhətdən bağışlanmır. Dünya təcrübəsinə əsasən praktiki cəhətdən qan davası fonunda baş verən cinayətlərin qarşısını almaq mümkün deyil”.

Qeyd edək ki, bu ilin may ayında Şamaxıda qan davası fonunda 2 nəfəri döydüyünə görə, rayon sakini Sahib Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yanvar ayında Türkiyədə 2 azərbaycanlı ailənin 5 üzvü qan davasının qurbanı oldu. Ötən gün isə Ağstafada 13 il davam edən qan davası nəticəsində 4 nəfər şəxs odlu silahla öldürülüb.

Gülşən Şərif / Redaktor.az