DİQQƏT! Aztəminatlı ailələr üçün ekonom mənzillər TİKİLƏCƏK?

 11:11 19.06.2019     1633

Azərbaycanda son illər hündürmərtəbəli binalardan ev alanların sayı azalıb.

Paytaxtda çox sayda tikilməkdə olan hündürmərtəbəli binaların olduğunu nəzərə alsaq, alıcılıq qabiliyyətinin azalmasına səbəb nədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, bu gün əksər binalar düzgün tərtib olunmayan layihələr əsasında tikilir və bu, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur:

“Yaşayış binaları arasında məsafələr insolyasiya (ümumi günəş radiasiyası axını) və işıqlanma ilə bağlı tələblərə cavab vermir. Son zamanlar paytaxt Bakıda binalar bir-birinə çox yaxın tikilir. O dərəcədə ki, bir binanın eyvanına çıxsan, digərinə çox rahatlıqla keçmək mümkündür. Bu baxımdan tikilən yeni mənzillərin çoxuna gün işığı düşmür və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır. Yeni tikililərin havalandırma sisteminin düzgün quraşdırılmaması da əsas problemlərdən biridir. Eyni zamanda, sahənin böyük olmasına baxmayaraq, otaq sayı az olur. Məsələn, 2 otaqlı mənzilə 110-130 kv/ m sahə ayrılır. Normalda bu sahə 70 kv/ m-dən başlayır. Yeni tikililərdə böyük eyvanlara daha çox yer verilir və mənzil qiymətinə satılır. Halbuki eyvan  ilə mənzilin qiyməti eyni olmamalıdır. Bəzi mənzillərdə dəhlizin sahəsi  25-30 kv/ m təşkil edir. Bu qədər geniş sahə heç bir işə yaramır. Bütün hallarda sahənin böyüklüyünə görə vətəndaşdan əlavə pul alınır.

Böyük kvadratmetrli mənzillər məhz tikinti şirkətlərinə sərf edir.

Əksər tikinti şirkəti 10 sot torpaq üstündə bina tikir. Bəzi binaların hər mərtəbəsində 7-8 mənzil var. Bu isə artıq yeni tikili deyil, yataqxana hesab oluna bilər. Tikinti şirkətinin tək istəyi, aldığı sahənin hamısından faydalı istifadə etmək və qazanc götürməkdir. Bu gün böyük kvadratmetrli mənzillərin çoxu boşdur, alan yoxdur. Çünki vətəndaş 130kv/m-ə ikiotaqlı ev almaqdansa, həmin sahəyə uyğun 3-4 otaqlı ev almağı daha üstün tutur.

Ekonom mənzillərinin inşa edilməsinə ehtiyac var.

Əksər binalarda otaqların sayı ev sahibi tərəfindən artırılır və ya təhlükəyə yol açan dəyişikliklər edilir. Məsələn, mətbəxi koridora çıxarırlar. Bu zaman istər-istəməz qaz xətlərinin, havalandırma sisteminin yeri dəyişdirilir. Nəticədə qaz sızması mövcud olarsa, faciələrə səbəb olur. Eyni zamanda, otağın sayı artırılan zaman binanın arakəsmə divarları sökülür. Halbuki bu divarlar təhlükəsizlik baxımından çox mühümdür. Bu cür problemlərin qarşısını almaq üçün kvadratmetri az olan, ekonom mənzillər tikilməlidir. Bu mənzillər aztəminatlı ailələr üçün də əlverişli ola bilər. Həmçinin ekonom mənzillərin inşası əmlak bazarında canlanmaya müsbət təsir edə bilər”.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən