Deputatlardan minimum əməkhaqqının artırılmasına MÜNASİBƏT

 10:15 19.06.2019     617

Ötən gün Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 250 manat müəyyən edilməsi ilə bağlı sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, artımla bağlı deputat Azər Badamov bildirib ki, yeni sərəncamların ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcəyi gözlənilir:

“Ölkəmizin iqtisadi gücü artdıqca, dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter alır. Bu ilin əvvəlində ölkə başçısının imzaladığı sosial paket çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artıb. Bu paketin imzalanmasından sonra il ərzində yeni artımların olacağı da bildirilmişdi. Bununla bağlı artıq ölkə başçısı növbəti sosial paketin icrasına sərəncam verdi. Minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzalanmış növbəti sərəncamlar hər bir ailənin büdcəsinin artması deməkdir. Minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə, Azərbaycan MDB məkanında ikinci yerə çıxıb. Əhalinin pul gəlirləri artmasına baxmayaraq, ölkədə infilyasiya minimum həddə qalmaqdadır. Bu, əhalinin artan pul gəlirləri fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir”.

Millət vəkili Aydın Mirzəzadə isə vurğulayıb ki, əməkhaqqının artırılması sosial rifahın yüksəlməsinə təsir edəcək:

“Əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir. Bu, faktiki olaraq milyonlarla vətəndaşımızın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında əməkhaqlarının artacağını elan etmişdi. Bu baxımdan onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəsini konkret olaraq göstərir”.

Qeyd edək ki, bu ilin fevral ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən,  minimum aylıq əməkhaqqı 180 manat müəyyən olunmuşdu.

Gülşən Şərif / Redaktor.az