DİQQƏT: Bu müəllimlərin maaşı 1000 manatdan yuxarı olacaq

 14:35 19.06.2019     1055

“Müəllimlərin əməkhaqqı orta hesabla 77 – 99 manat artacaq”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib.

O, vurğulayıb ki, təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması və onların sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir:

“Azərbaycanda təhsilə qayğı ildən-ilə artmaqdadır. Bunu təhsilin bütün sferalarında aparılan davamlı islahatlar bir daha təsdiq edir. 2014-cü ildən bu günə kimi 142 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Əməkhaqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Artım bütün müəllimlərin əməkhaqlarına eyni səviyyədə təsir göstərəcək.

Dərs saatı çox olan müəllim daha yüksək əməkhaqqı alacaq.

Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Yəni, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alacaq və bu, onun yüksək əməkhaqqı almasına imkan verəcək. Pedaqoji stajı 3 ilə qədər olan və bir stavka dərs yükü (18 saat) olan müəllim aylıq 462 manat, pedaqoji stajı 18 ildən çox olan və və bir stavka dərs yükü (18 saat) olan müəllim aylıq 594 manatlıq əməkhaqqı alır. Bu artımdan sonra təkcə Bakı şəhərində  8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20% artırılacaq.

Gülşən Şərif / Redaktor.az