Hərbi qulluqçuların sosial vəziyyəti yaxşılaşdırılır

 17:38 19.06.2019     961

Azərbaycanda hərbi qulluqçuların aylıq əməkhaqqı artırıldı.

Əməkhaqqının artırılması hərbi qulluğa marağı artıra bilərmi?

Hərbi-siyasi icmalçı Ramil Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, ölkənin təhlükəsizliyini qoruyan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması dövlət maraqlarının tərkib hissəsidir:

“Azərbaycan keçmiş Sovet respublikaları arasında hərbi qulluqçulara ən yüksək maaş verən və sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər görən ölkələrdəndir. Bu gün silahlı qüvvələrdə xidmət aparan hərbçilərin aylıq məvaciblərinin daha da yüksək məbləğə qaldırılması üçün dövlət bütün zəruri addımları atır. Qoşun növlərinin təyinatından asılı olaraq, hərbçilərin maaşında ciddi artımın olacağı şəksizdir. Azərbaycan dövləti hərbçilərin sosial vəziyyəti ilə bağlı siyasətini davam etdirir. Ötən gün dövlət başçısının verdiyi sərəncam da bu prosesin davamıdır.

 Dövlət davamlı olaraq hərbçilərin məvaciblərini artırır.

Bu gün minlərlə azərbaycanlı vətəninə, dövlətinə və millətinə təmənnasız xidmət edir və bunun üçün xüsusi diqqətə  ehtiyac duymur. Lakin mövcud reallıqlar sosial məsələləri də önə çəkir. Belə olan təqdirdə, bu missiyanı çiyinlərində daşayan hərbçilərin - təhlükəsizlik orqanlarının əməkdaşlarının aylıq məvacibləri diqqət mərkəzində olmalı  və yüksək maaşla təmin olunmalıdırlar. Bu istiqamət üzrə daim tədbirlərin görülməsini də unutmaq olmaz.

Yeni sərəncamlar hərbçi peşəsinə olan marağın artmasına səbəb olur.

Dövlətin göstərdiyi diqqət hərbçi peşəsinə olan marağı artırır. Arxasında dövlətin olduğunu bilən gənclərimizin  bu peşəyə marağı artır. Ona görə də, hər il minlərlə azərbaycanlı silahlı qüvvələrimizin müxtəlif təyinatlı qoşun növlərində xidmət keçməsi üçün aidiyyatı qurumlara müraciət edir. Onlar zabit, gizir və digər istiqamətlər üzrə silahlı qüvvələrdə xidmət etmək istəyirlər. Sosial vəziyyətin yaxşılaşdırılmasına xidmət edən  addımlar, gənclər arasında silahlı qüvvələrdə xidmətə marağı daha da artıracaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb. Nəzərdə tutulan əməkhaqqı müddətli həqiqi hərbi xidmət  qulluqçularına şamil olunmur.

Gülşən Şərif/ Redaktor.az