Valideynlər, diqqətli olun!- Bu addımlarınız uşaqlarınızı məhvə aparır...

 16:42 19.06.2019     587

Şan-şöhrət... Böyüklər "daha böyük" olduqlarını göstərib yoruldular, indi də keçdilər uşaqlara... Şan-şöhrət axtarışı insanları dondan-dona, "minidən-mini"yə salır... Üz-gözlər şişirdilir, ətəklər günü-gündən qısalır, qabırğaların sayında ciddi şəkildə azalmalar müşahidə olunur və s. Bu, artıq çoxdandır ki, müzakirə olunur və bu polemikalar heç nəyi dəyişmir. Dəyişən uşaqlara münasibətdir. Əvvəl belə bir deyim var idi- "uşağın uşaq yeri var". İndi, yer itib, məzhəb kimi...Hələ özünə gəlməmiş, həyatı dərk eləməmiş, özünü belə tanımamış balacaların başına elə oyun açırlar ki, çaşıb qalırsan. Üz boyası, saç kəsimləri cəhənnəm, üz-göz şişirdilir, estetik əməliyyatlar keçirilir... Bütün bunlar əvvəldən dediyimiz kimi: Şan-şöhrət üçündür.

Bütün bunların təbii ki, uşaq psixologiyasına və səhhətinə təsirləri var. 

Redaktor.az-a açıqlama verən pediator Vaqif Qarayev bildirdi ki, süni müdaxilələr azyaşlıların həyatını məhv edə bilər:

“Botoks, saç rəngləmə, müxtəlif prosedurlar..Bu cür şeylər mənə çox pis təsir edir. Uşaqları bu cür istismar etmək qanunla qadağandır. Qətiyyən olmaz. Bir ara soyuq havalarda, toylarda yarı çılpaq şəkildə balaca uşaqlardan mələk formasında istifadə edirdilər. Bu, etik,  həm də tibbi baxımdan düzgün deyil. Valideyn niyə övladını o şəkildə buraxır ki, onun-bunun qabağında oynasın? Azyaşlıların bədəninə müdaxilə etmək olmaz, nəticədə kifirləşmə gedəcək. Xüsusilə də, qız uşaqlarında təbii hallar ilə inkişaf getməlidir. Yaş artdıqca qamət formalaşacaq. 3-4 yaşında süni müdaxilə edilsə, yeniyetmə dövründə nələr baş verəcək, heç təsəvvür edə bilmirəm”.

Mövcud vəziyyətə psixoloq İlahə Dadaşova da münasibət bildirdi:

“İndiki valideynlər 3 yaşındaki övladına modanın, kosmetikanın vacibliyini aşılayırlar. Bizim davranışlarımız azyaşlıların şüuraltında həkk olunur. Balaca vaxtı böyüklərdən nəyi görürük, böyüyəndə də onu edirik. Ana bütün günü güzgünün qabağında makiyaj edir, açıq-saçıq geyimlər geyinir, övlad da avtomatik olaraq bunu yaddaşında saxlayır. Hər bir halda uşaq uşaqlığını yaşamalıdır. Onların bədəninə müdaxilə olunandan sonra kilo, kompleks, özünü bəyənməmə xüsusiyyəti yaranacaq və  nəticədə psixoloji problemlərlə üz-üzə gələcəklər. Moda müsabiqəsində qalib gələn balacalarda lazımsız özgüvən yaranacaq, ətrafı tənqit, təhqir belə edə biləcək. Valideynlər eqoları, keçmiş arzularını gerçəkləşdirmək, rahat həyat yaşamaq üçün edirlər bunları”.  

“Star Kids group” şirkətinin rəhbəri Aygün Əliyeva deyir ki, hər valideyn fərdi şəkildə övladını müsabiqəyə hazırlayır:

“Uşaqların saçının boyanmasının, botoksun əleyhinəyəm. 12 yaşlı övladım var, amma bu cür müsabiqələrdə iştirak etmir. Valideyn var uşağına kiprik taxdırır, sifətinə yüz cür müdaxilə edir. Bu onun şəxsi qərarıdır. Şirkət olaraq valideynlərə saç və makiyaj xidmətlərini təklif edirik. Amma qabarıq olmamaq şərti ilə. Son qərar yenə də valideynlərin öz üzərinə buraxılır”.

Sevda Bayramova /REDAKTOR.AZ