Minimum əməkhaqqı BU ŞƏXSLƏRƏ AİDDİR - Özəl sektorda

 14:15 20.06.2019     503

Minimum əməkhaqqı artımının 350 mini özəl sektorda çalışanlara şamil olunacaq.

Bəs bu artım hansı sahədə çalışanlara aid ediləcək?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, yeni qərar özəl sektordakı qeyri-tarazlığı aradan qaldıracaq:

“Ölkədə əməkhaqqı və kommersiya müəssisələrinin mənfəəti arasında  ciddi şəkildə qeyri-tarazlıq vardı. Kommersiya müəssisələrinin əldə etdiyi gəlirin cüzi hissəsi əməkhaqqı ödənişinə gedirdi. Bu isə əməkhaqqının ödənilməsi ilə iqtisadi göstəricilər arasında uyğunsuzluq yaradırdı. Yeni sərəncam bu problemin aradan qaldırılmasına səbəb olacaq. Aparıcı dövlətlərin milli iqtisadiyyatında gəlirin təxminən 70%-ə yaxını əməkhaqqının ödənilməsinə gedir. Azərbaycanda isə ümumi gəlirin təxminən 20-25%-ə yaxını əməkhaqqına ayrılır. Bu, olduqca aşağı göstəricidir. Dövlət bu istiqamət üzrə əmək resursları və vətəndaşların maaşının artırılmasına yönəlik ciddi addımlar atmaqda daha da qərarlı olmalıdır.

Əməkhaqqı 250 manatdan az olan şəxs aztəminatlı ailə üzvü sayılır.

Bu gün 250 manatdan aşağı əməkhaqqı alan şəxsi aztəminatlı ailənin üzvü kimi səciyyələndirmək mümkündür. Onlara xadimələr, müvafiq texniki işlərlə məşğul olan personalı misal çəkmək olar. Özəl sektorda 250 manatdan aşağı əməkhaqqı alan vətəndaş  kifayət qədər çoxdur. Yeni sərəncam özəl sektorda sosial müdafiə məzmunlu siyasətin reallaşdırılması ilə bağlıdır. Dövlət tərəfindən  atılan bu addım həmin vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına şamil olunacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin minimum əməkhaqqı ilə bağlı imzaladığı sərəncam bu ilin 1 sentyabr tarixindən etibarən qüvvəyə minəcək.

Gülşən Şərif / Redaktor.az