Ev sahibinin hüququnu qorumaq üçün mülkiyyəti ELEKTRONLAŞDIRILMALIDIR

 16:49 25.06.2019     637

Bu ilin sonunadək Azərbaycanda daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq.

Nəzərdə tutulan yeni qərarı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında şərh edib.

O, bildirib ki, məlum xidmətin elektronlaşdırılması vətəndaşların rahatlığını daha yaxşı təmin edəcək:

“Hazırda daşınmaz əmlakın çıxarışı elektron qaydada verilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən bu addım əlçatanlığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Sadəcə texniki pasportların elektron qaydada verilməməsi vətəndaşlar üçün vaxt itkisinə və müəyyən problemlərə səbəb olur. Bu baxımdan daşınmaz əmlakın qeydə alınmasında texniki pasportun elektronlaşdırılması vacibdir.

Elektron xidmətlər barədə vətəndaşların maarrifləndirilməsinə ehtiyac var

Vətəndaşların əksəriyyəti elektron xidmətlərə keçidə hazır deyil. Çıxarışın belə elektron qaydada verilməsini çox adam tam dərk edə bilmir. Bu baxımdan vətəndaşların elektron sistem barədə məlumatlı olması lazımdır. Xüsusən də yaşlı insanlar yeni xidmət növünü qəbul etməkdə çətinlik çəkirlər. Halbuki elektron xidmət hazır bazadır. İstənilən zaman prosesləri rahat şəkildə izləmək olur.

Elektron xidmətə keçid mərhələli şəkildə olmalı idi

Əmlak sahəsində əsas problem daşınmaz əmlakın bağışlanması ilə bağlıdır. Bağışlanma prosesində notarius çıxarış tələb edir.  Eyni zamanda, məhkəmələr daşınmaz əmlakla bağlı orjinal sənədi tələb edir. Məhkəmədə çıxarışın elektron versiyasını açıb göstərmək bir qədər çətin olur. Bu baxımdan ani keçid cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Daşınmaz əmlakla bağlı xidmətin elektron qaydaya keçirilməsi mərhələli şəkildə baş verməli idi.

Ev sahibinin hüququnu qorumaq üçün onun mülkiyyəti elektronlaşdırılmalıdır

Mülki Məcəllədə qeydiyyatla bağlı bir-birini təkzib edən maddələr var. Çıxarışlı mənzili olan şəxs mülkiyyətçi hesab olunur. Lakin o evdə qeydiyyatda olan digər şəxslər var ki, ev satılan zaman notariusda həmin üzvlərin razılığı da tələb olunur. Adi yaşamaq hüququna icazə verilən şəxs evin satılmasına narazı olursa, bu zaman mülkiyyətçinin hüququ tapdanır. Bu yanaşmanın dəyişdirilməsinə ehtiyac var”.

Qeyd edək ki, elektron xidmətlərə keçid Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri sayılır.

 Gülşən Şərif / Redaktor.az