Köhnə və təzə binalarda KOMMUNAL PROBLEMİ - Uçurum yaradacaq QİYMƏTLƏR

 10:59 03.07.2019     1394

Bu gün yeni tikili binaların hər birində kommunal ödənişlərin qiyməti fərqlidir.

Bununla yanaşı, köhnə binalarda JEK-lərə illik təxminən 15-18 manat civarında ödəniş edilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, ödənişlərin olmasına baxmayaraq, bu gün həmin binaların əksəriyyətində vəziyyət çox acınacaqlıdır:

“Bəzi binaların şəhər istiqamətinə baxan hissələri təmir olunub, görünməyən hissələr isə bərbad vəziyyətdədir. Hazırda Bakıda 10 mindən çox köhnə yaşayış binası var və onlar istismar müddətini çoxdan başa vurub. Lakin bu binaların qısa zaman ərzində sökülməsi mümkün deyil. Prosesin bitməsi üçün illər lazımdır. Binaların pis vəziyyətə düşməsinin bir səbəbi isə baxımsızlıqdır. Bu gün yeni tikililər o qədər də xərc tələb etmir. Lakin 2000-ci ilin əvvəllərindən tikilən binalar artıq köhnəlməyə doğru gedir. Həmin binalardan yığılan kommunal məbləğlə təmir işləri aparmaq isə çox çətindir.

Bəzi yeni tikililərdə kommunal ödənişlər 150 manatdan başlayır

Yeni tikililərdə kommunal ödənişlər olduqca baha qiymətə müəyyən edilir. Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyəti heç bir iqtisadi səbəb olmadan kommunal  ödənişlərin aylıq məbləğlərini artırırlar. Kommunal ödənişlərin müəyyən edilməsini fərdi şəxslərin öhdəsinə buraxmaq olmaz. Əksər rəhbər yeni tikdiyi binanın kiməsə təhvil verilməsinin tərəfdarıdır. Bu gün Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) fəaliyyət göstərir. MMC-lərin marağı sırf pul qazanmaqdan ibarətdir. Müəyyən vaxtdan sonra binaya xərc tələb olunduqda həmin MMC-lər binanı təhvil verir. Nəticədə binada yaranan problemi sakinlər həll etmək məcburiyyətində qalır. Ona görə də dövlət tərəfindən nəzarət edilməsi çox vacibdir.

Kommunal İdarənin yaradılmasına ehtiyac var

Bu addım həm də dövlət büdcəsinə müsbət təsir edəcək. Kommunal İdarə yaradılarsa, vətəndaşlar əziyyət çəkməz. Həmçinin yeni tikililərdəki yüksək kommunal məbləği ucuzlaşar. Fərdi yaşayış evlərindən tutmuş bina evlərinə qədər bütün kommunal ödənişlərin bu idarəyə edilməsi müsbət hal ola bilər. Nəticədə Kommunal İdarədə böyük məbləğdə vəsait formalaşa və mövcud problemlər bu vəsait hesabına həll edilə bilər.

Kommunal İdarənin işləri komendantlara və bələdiyyəyə tapşırıla bilər

Kommunal İdarənin yaradılması fonunda 1 il ərzində külli miqdarda vəsait formalaşacaq. Yəni, dövlətin büdcədən vəsait ayırmasına ehtiyac olmayacaq. İdarənin işləri isə komendantlara tapşırıla bilər. Çünki onlar bu işi çox yaxşı bilirlər. Hər bir komendant nəzarət etdiyi binanın problemlərini bilir. Bələdiyyə və  JEK-lərin Kommunal İdarə ilə birləşdirilməsi isə effektli ola bilər. Çünki Bakının bir çox ərazilərində fərdi yaşayış evlərinə bələdiyyələr nəzarət edir. Yeni addım bələdiyyələrin səlahiyyətlərini artırmaqla yanaşı, vətəndaş-bələdiyyə münasibətlərinin yaxşılaşmasında rol oynaya bilər”.

Gülşən Şərif / Redaktor.az