Şişirdilmiş rəqəmlər, kağız üzərində qalan fəaliyyət... - Qrant layihələr effektlidirmi?
Ötən gün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticəsi açıqlanıb.
Redaktor.az xəbər verir ki, qrant müsabiqəsinin qalibi olmuş layihələrin effektivliyi barədə təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O, vurğulayıb ki, qrant müsabiqələrinə təqdim olunan layihələrin qiyməti şişirdilir və nəzarətsizlik hökm sürür:
“Təsdiq olunan fərdi 115 layihəyə 427438 manat, 53 təhsil müəssisəsinin layihələrinə isə 650025 manat vəsait ayrılıb. Yəni, III qrant müsabiqəsi büdcəyə 1.077.463 manata başa gəldi. Bu qrant müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. III qrant müsabiqəsində qaliblər sırasında özəl liseylərə də vəsait ayrılıb. Özəl sektorun inkişafı lazımdır, amma onların gəlirləri kifayət qədər çoxdur. Hazırda illik təhsil haqqı bir şagird üçün 10-15 min manat olan liseylər var və onların istənilən layihəni maliyyələşdirmək üçün büdcələri var.
Qrant layihələri ilə bağlı monitorinq aparılmalıdır
Qrant layihələrinin həyata keçirilməsi labüddür. Lakin burada hesabatlılıq və qiymətləndirmə olmalıdır. Yəni, hansısa bir özəl qurum və ya QHT bu layihələri yoxlamalıdır ki, dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün istifadə olunsun. Nəticədə layihədə şişirdilmiş rəqəmlər və kağız üzərində olan fəaliyyət aradan qaldıralacaq.
Qrant layihəsi çərçivəsində qəbul edilmiş bəzi layihələr məktəb üçün deyil
Prezident İlham Əliyevin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir. Bu baxımdan dövlət proqramı çərçivəsində həll olunan məsələlərin qrant müsabiqəsinə salınması doğru deyil.
Bəzi qrant layihələr əvvəlki qrant müsabiqəsində iştirak edir və sonradan sadəcə adı cüzi şəkildə dəyişdirilir
Bir sıra layihələr bir-birinə çox bənzəyir. Bundan başqa, kifayət qədər böyük vəsait ayrılmış, hazır özəl qurumları, ən pis halda Dövlət İmtahan Mərkəzini cəlb etməklə, həyata keçirilməsi mümkün və keyfiyyətli olacaq layihələr var. Bu layihələrin yenidən məktəbdə təşkil edilməsi düzgün deyil. Ən azı bu layihələr DİM tərəfindən həyata keçirilsə, şagirdlər üçün daha effektiv olar. Bəzi layihələrin qiymətləndirilməsi zamanı xərclər süni şəkildə şişirdilir. Bu vəsaitlər fonunda 180 direktorun maaşına 100 manat əlavə edilsə, daha əsaslı qərar qəbul edər.
Bəzi layihələrə ayrılan vəsait tamamilə boş və mənasızdır
Bir sıra qrant layihələrinin heç bir əhəmiyyəti yoxdur. Əslində bu cür layihələrə ehtiyac yoxdur və effektiv deyil. Ümid edirəm ki, bundan sonra ayrılmış vəsaitlər monitorinq olunacaq və bundan sonra daha çox ehtiyac duyulan istiqamətlərə vəsait ayrılacaq”.
Qeyd edək ki, iyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticəsi açıqlanıb.Təşkilat Komitəsi III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər ümumtəhsil müəssisəsi və müəllimləri qalib gəlib.
Gülşən Şərif / Redaktor.az












