Kiloqramı 5 manata satılan "KƏRƏ YAĞI" - Marketlərə niyə nəzarət olunmur? / ŞƏRH

 11:22 08.07.2019     3190

Əhalinin sayı və gəlirlərinin  artması müxtəlif mallara olan tələbatı artırır.

Bu tələbat fonunda idxal olunan məhsulların sayında da artım hiss olunur. Bəs görəsən, idxal olunan məhsulların keyfiyyəti nə dərəcədə yaxşıdır?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Redaktor.az-a açıqlamasında qeyd edib ki, ölkəyə idxal olunan məhsulların keyfiyyəti qənaətbəxş sayılmır:

“Ölkəyə kərə yağı adı altında gətirilən yağlarda müxtəlif qatqılardan istifadə olunur. Həmin yağların keyfiyyəti çox aşağıdır. Ölkəyə idxal olunan bu yağlarla əhalinin kasıb təbəqəsini yola verirlər. Adətən keyfiyyətli kərə yağının qiyməti 20 manat civarında olur. Bu gün marketlərdə 5-6 manata satılan kərə yağları var. Eyni zamanda, ölkəyə gətirilən süd və süd məhsulların keyfiyyəti olduqca aşağıdır. Bu süd məhsulları adətən quru süddən hazırlanır. Alınan məmulatın yağlılıq faizini artırmaq üçün  bitki yağı, heyvanların iç yağı əlavə olunur. Bu gün süd və süd məhsullarının keyfiyyəti ilə bağlı vəziyyət çox acınacaqlıdır. Ölkəyə idxal olunan xammaldan əldə olunan məhsulların keyfiyyəti suallar doğurur. İnhisarçılar əhalini aldadaraq, bu yolla mənfəət əldə edirlər. Ona görə də yerli istehsalın artımında o qədər də maraqlı deyillər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, idxal olunan məhsulların keyfiyyətinə nəzarət qənaətbəxşdir:

“Ölkədə azad bazar iqtisadiyyatı mövcuddur. Bu baxımdan idxala tələbatın olması normaldır. Ölkəyə idxal olunan məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cavabdehdir. Nəzarət ciddi şəkildə həyata keçirilir. İdxal olunan  hər hansısa məhsulun keyfiyyətsizliyi ilə bağlı bizə şikayət daxil olmayıb”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumi dəyəri 2 165 811 dollarlıq məhsul idxal olunub. İdxal olunan məhsulların 11,34%-i isə yeyinti məhsulları təşkil edib.

Gülşən Şərif / Redaktor.az