Bakıda DƏHŞƏTLİ YANĞINLAR - Gizli qalan MƏQAMLARI

 15:38 08.07.2019     1499

Bu il iri ticarət mərkəzləri ilə yanaşı, digər kiçik ticarət obyektlərində baş verən yanğınlar təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Maraqlıdır, ticarət obyektlərində təhlükəsizlik necə tənzimlənməlidir və hansı çatışmazlıqlar var?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, rəhbərlik icarədarlara yanğın təhlükəsizliyi tədbirlərinə əməl edilməsi ilə bağlı tələb qoymalıdır:

“Ticarət obyektlərinin təhlükəsizliyinə sahibkarlar maraqlı olmalıdır. Rəhbər şəxs obyekti başqasına icarəyə versə də, yenə təhlükəsizlik tədbirlərinin görülməsinə nəzarət etməli və bunun üçün peşəkar mütəxəssislər cəlb etməlidir. Hazırda  təhlükəsizliyi zəif olan ticarət obyektləri kifayət qədər çoxdur. Ticarət mərkəzlərində yanğının baş verməsinə əsas səbəb obyektdə siqaret çəkilməsi, kustar üsulla hazırlanan sobalardan istifadə edilməsidir. Eyni zamanda, ticarət mərkəzlərinin içində icarədarlar sərbəst təmir işləri aparır, qaynaqdan, müəyyən kəsici-deşici alətlərdən istifadə edirlər. Yanğın hadisələrinin baş verməməsi üçün ticarət obyekti rəhbərləri təhlükəsizliyə önəm verməlidirlər.

Ticarət mərkəzlərində işçilərdən ibarət yanğın qrupları fəaliyyət göstərməlidir

Bu qruplar müvafiq dövlət qurumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olur. Onlar fövqəladə vəziyyət yarananda yanğınsöndürmə və xilasetmə qrupu gələnə qədər,  vəziyyətə nəzarət edir. Nəticədə insanların təhlükəsiz təxliyyə edilməsinə və  yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edir. İşçilərin və vətəndaşların maarifləndirilməsi vacibdir. Vətəndaşlar ticarət obyektlərinə gedərkən özləri ilə partlamaya meylli vasitələr, fişənglər, pirotexniki vasitələr aparmamalıdır. Həmçinin, yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğun olmasına, siqnalizasiya sisteminin, yanğın sensorlarının, yanğın dolablarının, yanğın hidrantların, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planın və şərti işarələrin, yanğın su çəninin olması və daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir.

Müasir texnologiyanın imkanlarından istifadə olunmalıdır

Bu imkanlar təhlükəsizlik tədbirlərinin daha yaxşı təmin edilməsinə imkan yaradır. Məsələn, avtomatik yanğınsöndürmə sistemlərindən istifadə edilməsi məqsədəuyğundur. Bu sistemin fəaliyyəti zamanı  yanğın baş verəndə siqnalizasiya heç bir insan əməyindən istifadə edilmədən avtomatik işə düşür, kimyəvi tərkibli odsöndürən köpük yanan sahəyə yayılır və yanğını söndürür.

Yanğının qəsdən törədilməsi hallarında belə sahibkar məsuliyyət daşıyır

Bəzən ticarət obyektinin qəsdən yandırılması kimi hadisələr yaşanır. Belə hallarda da əsas məsuliyyət rəhbərliyin üzərinə düşür. Çünki obyektin təhlükəsizliyi tam təmin olunarsa, bütün hallarda neqativ halın qarşısı tezliklə alına bilər. İşçilər və rəhbərliyin ciddi zərərlə üzləşməməsi üçün ticarət obyektlərində təhlükəsizlik tədbirləri daha yaxşı səviyyədə təmin olunmalıdır”.

Gülşən Şərif / Redaktor.az