Azərbaycanda aliment borcunu ödəmədiyinə görə bu il 1020 nəfər həbs olunub

 17:00 08.07.2019     544

Bu ilin 6 ayı ərzində ölkədə aliment borcunu ödəmədiyi üçün həbs edilənlərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, ilin ilk 6 ayı ərzində 1020 şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığına görə inzibati qaydada həbs edilib. Bundan əlavə həmin dövr ərzində 3198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə isə, 2018-ci il dekabrın 31-dək baxılan mülki məhkəmələrin sayı 184 047 olub ki, onun da 871-i alimentin alınması tələbləri ilə bağlıdır. 

 

Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub. Qeydiyyat şöbələri tərəfindən dörd ay ərzində 18273 nikah və 5562 boşanma halı qeydə alınıb. //Apa.az