"Son bir ildə ölkə üzrə 46187.5 kq ət və ət məhsulları məhv edilib" - AQTA sədri

 11:55 09.07.2019     481

"Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq nəzarəti sahəsində ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbeh vermə haqqında qərar qəbul edilib".

Redaktor.az xəbər verir ki, bu sözləri AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının 1 ilinə həsr olunmuş mətbuat konfrasında çıxışı zamanı bildirib.

İnzibati tənbeh vermə haqqında qərarlardan 8-i xəbərdarlıq, 46-ı inzibati qaydada cərimə edilməsi barədə qəbul olunub və cəmi 15500 manat cərimə tətbiq olunub.

Baytarlıq nəzarəti tədbirləri nəticəsində baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə, 46187.5 kq ət və ət məhsulları məhv edilib və idxal edilmiş 58200 kq məhsul isə ixracatçı ölkəyə geri qaytarılıb.

Sədr bildirib ki, agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5947 kq ət aşkar edilib.

Eyni zamanda, agentliyin fəaliyyət göstərdiyi dövrdə 112 sahibkardan 893 baytarlıq preparatının qeydiyyata alınması üçün 264 müraciət daxil olub. Müraciətlər üzrə 243 baytarlıq preparatının, 42 yem və 5 yem əlavəsinin sınaq təcrübələri başa çataraq qeydiyyata götürülüb, 545 məhsulun sınaq prosesi hazırda davam etdirilir. Bununla yanaşı, 12 adda baytarlıq preparatının qeydiyyatı isə dayandırılıb.

Gülşən Şərif / Redaktor.az