Ölkədəki bütün bağçalarda körpələrə eyni qida verilmir - Qurum rəhbəri AÇIQLADI

 13:30 09.07.2019  78

"Uşaq bağçalarında aparılan yoxlamalar zamanı bizim tərəfimizdən 1500 manatdan cərimə yazılması barədə mediada xəbərlər yayılır. Bu informasiya həqiqətə uyğun deyil".

Redaktor.az xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Qurum rəhbəri qeyd edib ki, respublikadakı 1600 uşaq bağçasından seçmə yolu ilə 400-də monitorinqlərin keçirilməsini planlaşdırılır:

"Məqsəd böyüməkdə olan nəslin sağlam qidalanma ilə təmin olunmasıdır. Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə uşaqların qidalanma rasiounu işlənib, hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Yəqin yaxın vaxtlarda bu sənəd öz təsdiqini tapacaq. Bağçalarda qidalanma rasionu tətbiq olunmalı və onun qida təhlükəsizliyi təmin olunmalıdır".

Sədr vurğulayıb ki, Azərbaycanın bütün ərazilərində körpələrə eyni qida verilmir:

"Bəzi bölgələrdə dəmir çatışmazlığı mövcuddur. Nəticədə həmin bölgədə dəmir defisitli animiya var. Bizim qız uşaqlarda bu daha çox müşahidə edilir. 2017-ci ildə dəmir defisitli anemiya qadınlar arasında 44 faiz olub. Ona görə də körpələrə verilən qida rasionu əraziyə uyğun müəyyənləşdirilir".

Gülşən Şərif / Redaktor.az