“Beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsi vacibdir” - Rövşən Rzayev

 17:23 09.07.2019     199

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, tədbir dünya ölkələrini narahat edən qaçqın və köçkün probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.

Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksindəki klub-icma mərkəzində keçirilən tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını vurğulayıb.   Komitə sədri deyib ki, ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə BMT-nin qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb.

 

R. Rzayev xatırladıb ki, Qarabağ həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin qaçqın və məcburi köçkün probleminin həlli sahəsində sistemli dövlət siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub: “Hazırda  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün ardıcıl iş aparılır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondu tərəfindən icra edilən layihələr mühüm əhəmiyyət daşıyır”.

Komitə sədri Azərbaycanda qaçqın və köçkün probleminin ən kəskin dövründə beynəlxalq təşkilatların xalqımızı humanitar fəlakətdən qurtarmaq üçün göstərdiyi səyləri xatırladıb və bu işdə fəal iştirak edən BMT təsisatlarına minnətdarlıq bildirib: “Ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi üçün dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsi vacibdir. Qaçqın və məcburi köçkünlərin məşğulluq, təhsil, sağlamlıq problemlərinin həllində beynəlxalq qurumların  ölkəmizlə əməkdaşlığı daha da genişləndirməsini arzu edirik”.