“Azərbaycan qaçqın və məcburi köçkünlərin probleminin həllində dünyaya nümunə göstərir”

 17:58 09.07.2019     215

“Azərbaycan inkişaf etmiş ölkə kimi qaçqın və məcburi köçkünlərin probleminin həllində dünyaya nümunə göstərir”.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbirdə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun təmsilçilərinin bölgəyə səfəri qaçqın və məcburi köçkünlərə diqqətin təzahürüdür: “Qaçqın və məcburi köçkünlərin çadır düşərgələrdən yeni və rahat mənzillərə köçürülməsi, hökumətin bu sahədəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir”.

Q. İshaqzai Qarabağ məsələsinin ədalətli həllinə, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün zəruri tədbirlərin görülməsinə beynəlxalq qurumların bundan sonra da dəstək verəcəyini vurğulayıb.