Vətəndaşlara PULSUZ XİDMƏT - Gələn ildən tətbiq olunacaq

 14:24 10.07.2019     696

Gələn ildən etibarən icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək.

İcbari tibbi sığortanın tətbiqi vətəndaşa nə verəcək?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi tibbi sektorda şəffaflığın yaranmasına yol açacaq:

“İcbari tibbi sığorta tibbi xidmətin mühüm növüdür. Eyni zamanda, bu sığorta növü mühüm sosial müdafiə elementidir. İcbari tibbi sığorta olmadan səhiyyə sisteminin inkişafı mümkün deyil. Bu baxımdan icbari tibbi sığortanın tətbiqi vacibdir. Vətəndaşlar da bu məsələdə maraqlı olmalıdır. Çünki bu sığorta növü onların vaxtında müayinəsinə şərait yaradacaq.

İcbari tibbi sığorta sosial duruma müsbət təsir edəcək

Genofondumuzun qorunması üçün icbari tibbi sığortanın tətbiqi zəruridir. Hazırki vəziyyətdə əksər vətəndaşın ölümünə və ağırlaşmasına səbəb vaxtında həkimə müraciət edə bilməməsidir. Çünki bəzi tibbi müayinələrin qiyməti vətəndaşın maddi vəziyyətinə uyğun deyil. İcbari tibbi sığortanın olması bəzi xəstəliklərin vaxtında aşkar olunması və qabaqlayıcı tədbirlərin görülməsinə yol açacaq. Tətbiqetmə fonunda vətəndaşlara göstərilən xidmətlər pulsuz olacaq və  əvəzi dövlət tərəfindən ödənilir. Bu isə aztəminatlı əhalinin sosial durumuna müsbət təsir göstərəcək və onların sağlam olmasına səbəb olacaq.

İcbari tibbi sığorta paketinə doğuş və təxirəsalınmaz tibbi yardım daxil edilməlidir

Dünyanın bir sıra ölkələrinsə sığorta paketinə ilkin olaraq bu xidmətlər daxil edilir. Çünki təcili təxirəsalınmaz tibbi yardıma hər kəsin ehtiyacı olur. İcbari tibbi sığortaya başlamaq üçün öncəliklə sığorta kontingenti məsələsi həll olunmalıdır. Digər tərəfdən, sığorta paketinə daxil ediləcək xidmətlər müəyyən edilməlidir.

Sığorta üçün yığılan vəsait xidmətləri tam qarşılamağa yetərli deyil

İcbari tibbi sığortada  xəstənin həkim seçimi olmur. Ona görə öncəliklə həkimlərin peşəkarlığının artırılmasına ehtiyac var. Amerikada icbari tibbi sığortaya ayrılan vəsait Federal büdcəyə ayrılan vəsaitdən daha çoxdur.  Yəni, tibb xidmətinə ciddi  yanaşmaq lazımdır”.

Qeyd edək ki, 2016-ci ildə Prezident İlham Əliyevin fərmanına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib. icbari tibbi sığorta sistemi artıq iki ildir  pilot rayonlar üzrə həyata keçirilir. Xüsusən də pilot ərazilər kimi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonu seçilib. Nəticələrə əsasən, layihənin əhatə etdiyi ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb.

Gülşən Şərif / Redaktor.az