Linza istifadə edənlər, DİQQƏT! - Keyfiyyətsiz məhsullar satılır

 16:17 10.07.2019  110

"Türkiyədə tibbi sığorta xidmətindən sui-istifadə edən şəxslərin dəstəyi ilə ölkəmizə qutusuz, yəni açılmış şəkildə göz linzaları daşınır".

Redaktor.az xəbər verir ki, bu sözləri "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib.

O, vurğulayıb ki, ölkəyə gətirilən bəzi linzalar qeyri-qanuni gətirilir və keyfiyyəti sual altındadır. Ona görə də vətəndaşlar göz linzaları seçərkən daha diqqətli davranmalıdır:

"Bəzi klinikalarda insan orqanizminin ən həssas üzvü olan göz əməliyyatlarında istifadə olunan göz protezlərinin (linzaların) qaçaqmal yolu ilə gətirilən partiyalarından geniş istifadə olunur. Bir çox şirkətlərin istehsal etdiyi, xüsusən “Alcon” şirkətinin “Acry sof” göz protezləri Türkiyədən qeyri-qanuni yollarla ölkəmizə gətirilir. Bu mallar heç bir gömrük sənədləşdirilməsi aparılmadan, sertifikatlaşdırılmadan, Səhiyyə Nazirliyinin idxal icazəsi olmadan, bəzi gömrük işçilərinin “xeyir-duası” ilə bazara daxil olur. Bu mallar standartların tələbinə cavab verməyən bir şəraitdə saxlanır və daşınır. Nəticədə dövlətin mövcud qanunvericiliyini pozmaqla yanaşı, qaçaqmalçılarla əlbir olan həkimlərin sayəsində istehlakçıların sağlamlığı risk altında qalır. Bu linzaların bir hissəsi Türkiyədə tibbi sığorta xidmətindən sui-istifadə edən şəxslərin dəstəyi ilə ölkəmizə qutusuz, yəni açılmış şəkildə daşınır. Qutuda qablaşdırılmış qaçaqmal linzalar Türkiyə üçün nəzərdə tutulduğundan orjinal markalanmanın üstünə Türk dilində stiker yapışdırılır. Bəzi klinikalar və həkimlər isə pul qazanmaq naminə qaydalara riayət etmədən qaçaqmalçılarla cinayət əlaqəsinə girməyə üstünlük verirlər.

Vətəndaşların mənşə sertifikatı olan linzalardan istifadə etməsi məsləhətdir

Göz əməliyyatları zamanı linzalardan istifadə edəcək xəstələrmütləq linzaların mənşə sertifikatını əldə edib, surətini götürməlidir. Həmçinin linzanın qutusunu atmaq tövsiyə olunmur. Bu qutunu AİİB-ə təqdim edətək, ətraflı məlumat ala bilərlər. Hazırda AİİB tərəfindən bu məsələ istehlakçılardan daxil olan məlumat əsasında araşdırılır və qaçaqmalçıların fəaliyyətini stimullaşdırıb, istehlakçıların sağlamlığını təhlükə altına qoyan həkimlərin və klinikaların müəyyənləşdirilməsi üçün ictimai nəzarət davam etdirilir".

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, iddiaçının əlində hər hansısa fakt varsa, birbaşa hüquq-mühafizə orqanlarına  müraciət edə bilər:

“Gömrük orqanları və onun əməkdaşları öz fəaliyyətlərində dövlətə, dövlətçiliyə sədaqət prinsiplərini əsas tutur, gömrük işini bu sahədəki mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirir. Bu prinsiplərdən yayınan, qanundan kənar əməllərə yol verən gömrükçülər barəsində isə ən sərt cəza tədbirlər görülür və bu barədə mütəmadi olaraq ictimaiyyət məlumatlandırılır.

Araşdırma zamanı adıçəkilən şirkətin xarici ticarət  əməliyyatlarını qanunvericliyə uyğun şəkildə yəni,  idxal edilən mallar üçün tələb olunan icazə sənədləri və digər müvafiq sənədlər əsasında həyata keçirdiyi müəyyən edilib. Adı qeyd edilən şirkətin ünvanına daxil olan malların qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsinə “xeyir-dua” əsasında yol verilməsinə gəlincə, gömrük orqanlarının tərkibində minlərlə əməkdaş fəaliyyət göstərir. "Xeyir-dua”nın hansı əməkdaş tərəfindən törədildiyi iddiaçıya məlumdursa, birbaşa hüquq-mühafizə orqanlarına  müraciət edə bilər və Dövlət Gömrük Komitəsi də bunu alqışlayar”.

Gülşən Şərif / Redaktor.az