Laçınlı ziyalı BMT rəsmisi ilə sərt danışdı - Torpaqlarla bağlı... / FOTOLAR

 16:57 10.07.2019     545

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisat rəhbərlərinin iştirakı ilə iyulun 9-da Tərtər rayonunun Şıxarx qəsəbəsində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib.  Tədbir çərçivəsində  köçkünlərlə görüş keçirən BMT nümayəndəliyinin rəhbərləri onların suallarına cavab verib. Görüşdə söz alıb çıxış edən Laçın rayonundan köçkün, ziyalı Qəzənfər Hüseynov BMT nümayəndələrinə sərt şəkildə müraciət ünvanlayıb. 

Q.Hüseynov beynəlxalq təşkilat rəsmi ilə görüşdə baş verənlər barədə bunları deyib:

“Mən öz müraciətimdə BMT nümayəndələrinə öncə xatırlatdım ki,  məşhur fransız filosofu Paskalın bir sözü var: gücsüz ədalət şikəstdir. Yəni ədalətsizliyə qarşı güc, qüvvə tətbiq edilməsə, ədalət bərpa olunmaz. Qarabağda da ədaləti bərpa etmək aparıcı beynəlxalq təşkilat kimi sizin borcunuzdur. Son onilliklərdə Yuqoslaviyada, planetimizin digər guşələrində ədaləti bərpa etdiyiniz kimi, burada da edə bilərsiz. Amma nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda siz hər iki tərəfə eyni səpkidə yanaşırsız, münaqişə həll olunmayacaq və ədalət bərpa olunmayacaq. Gərək iki dava edəndən günahı olana konkret deyəsən ki, sən günahkarsan. Bu gün bütün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistanı birbaşa təcavüzkar kimi tanımalı, konkret olaraq bu cür adlandırmalıdır..."

Mən əlimi uzadaraq göstərdim ki, o dağın o üzü mənim vətənimdir- Laçın rayonudur. Buradan hava yoluyla 10 km-dən çox olmaz. Artıq 72 yaşım var və mən öz vətənimə getmək istəyirəm...”  

“BMT nümayəndələri sizin müraciətinizə necə reaksiya verdi” sualına cavab olaraq ziyalı məcburi köçkün belə deyib: 

 “Müraciətimi dinləyən BMT nümayəndəsi dedi ki, münaqişəni həll etmək bizim qrupun səlahiyyətində deyil. Və s. bu kimi standart cümlələr işlətdi.  Sonra mən səhnəyə yaxınlaşdım və tərcüməçi xanımdan xahiş etdim ki, sözlərimi BMT rəsmilərinə tərcümə edin. Dedim ki, mən başa düşürəm ki, siz həll edə bilməzsiniz, amma xahiş edirəm, bizim sözlərimizi BMT rəhbərliyinə çatdırın, ya da kömək edin mən gedib BMT Təhlükəsizlik Şurasının toplantısında sözümü deyim... Ədalət mütləq bərpa olunmalı, Ermənistan silahlı qüvvələri  Azərbaycan torpaqlarından çıxarılmalı və bütün məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”. 

Buna da cavab olaraq  onlar yenə söylədilər ki,  BMT konfliktin sülh yolu ilə həlli üçün qüvvəsini sərf edir və s. kimi standart cümlələr...”//Moderator.az