Sən demə, boşanmaların ƏSAS SƏBƏBİ BU İMİŞ

 13:11 17.07.2019     924

Bu il Azərbaycanda 7082 boşanma halı qeydə alınıb.

Bu gün cəmiyyəti narahat edən əsas məsələlərdən biri də boşanmaların sürətlə artmasıdır. Belə ki, ötən illə müqayisədə bu il boşananların sayında artım müşahidə olunur. Əvvəllər boşanan insan cəmiyyət tərəfindən birmənalı qəbul edilmirdi. Hazırkı vəziyyətdə isə boşanma hadisəsi adi hal alıb və yanaşma tərzi də adiləşib. Baxmayaraq ki, bir ailənin dağılması hər iki tərəfə psixoloji travmalar yaşadır. Ortada uşaq varsa, bu zaman vəziyyət daha da ağırlaşır. Bütün hallarda boşanmaların sayının hər il artması həyəcan siqnalı hesab oluna bilər.

Görəsən, boşanmaların artmasına səbəb nədir? 

Psixoloq Tariyel Faziloğlu Redaktor.az-a açıqlamasında bildirib ki, cəmiyyətimizdə insanların çoxu məhz seksual doyumluluğun yaratdığı səbəblərdən dolayı boşansa da, bunu açıq şəkildə etiraf edə bilmirlər:

“Müasir dövrdə boşanmaların sürətlə artması bir çox sosial amillərə bağlıdır. Əsas amillərdən biri psixolojidir. Tərəflər arasında qarşılıqlı güvən formalaşmadan qurulan ailələr sonda uğursuzluqla nəticələnir. Oğlan və qız seksual cəbetmə sayəsində bir-bieinə yaxınlaşır və bunu sevgi hesab edirlər. Nəticədə qarşılıqlı güvən formalaşmadığı halda evlənməyə qərar verirlər. Seksual akt baş verdikdən müəyyən müddətdən sonra tərəflər arasında problemlər üzə çıxır. Çünki tərəflərdən birində artıq seksual doyumluluq yaranır və qarşı tərəflə münasibətdən qaçmağa başlayır. Bu isə qarşılıqlı şübhələrə, qısqanclığa və inamsızlığa yol açır. Sadəcə boşanan insanların əksəriyyəti ayrılma səbəbi kimi başqa faktorları göstərirlər”.

Psixoloq vurğulayıb ki, boşanmalara təsir edən ikinci amil sosial maraqların üst-üstə düşməməsidir:

“Ortaq mövzuları olmayan tərəflərin ailə həyatı uğurlu olmur. Çünki onların danışacaq yeganə mövzuları məişət  problemləri olur. Bu problemlər isə neqativ olduğuna görə, aqressiyaya yol açır və münasibətlər getdikcə gərginləşir”.

T. Faziloğlu boşanmaların daha çox 23-26 və 37-38 yaş aralığında baş verdiyini bildirib:

“Qadınlar 23-26 yaş aralığında böhran vəziyyəti yaşayır. Həmçinin 37-38 yaş aralığında insanlarda emosional doyumsuzluq yaşanır. Bu dönəmdə  insanlar əvvəldən istəmədikləri diqqəti axtarmağa başlayırlar. Bütün bu halları nəzərə alaraq, insanlar evlilikdən öncə psixoloji konsultasiyadan keçməli və maarifləndirilməlidir. İnsanlara ailə qurmadan öncə üzləşə biləcəkləri problemlərlə bağlı məlumatlar verilməlidir. Bu halda boşanmaların sayı kifayət qədər azala bilər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə görə ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

Gülşən Şərif/ Redaktor.az