Kondisionerə görə 50 qəpik ÖDƏ - Taksi sürücülərinin YENİ FIRILDAĞI

 10:40 20.07.2019     1849

Yay ayları ərzində taksi xidmətindən istifadə edən müştərilərin kondisionerə olan tələbatı normal olaraq artır.

Lakin tələbatın yüksək olması isə bir sıra problemləri də özü ilə gətirir. Taksi sahəsində mövcud problemlərdən biri də taksi sürücülərinin kondisioner işlədiyi təqdirdə müştəridən əlavə ödəniş tələb etməsidir. Əsasən 50 qəpik-1 manat civarında tələb olunan bu ödəniş məbləği isə sərnişinlərin narazılığına səbəb olur.

Narazılıq fonunda maraq doğuran sual yaranır ki, kondisioner istifadəsinə görə əlavə ödəniş etmək normaldırmı?

Yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, taksi sürücülərin tələbi sadəcə gülünc yanaşmadır:

“Bəzi sürücülərin bu tələbi taksi xidməti sahəsində çox biabırçı mənzərə yaradır. Məlum tendensiyanın qarşısını almaq üçün taksi sahəsində müəyyən nizam-intizama ehtiyac var. Belə ki, vahid qiymət sisteminin tətbiqi zəruridir. Bu sistemdə tariflər həm sərnişinlər, həm də sürücülər üçün səmərəli olmalıdır”.

Ekspert bildirib ki, bu gün bəzi taksi şirkətləri sürücüləri istismar edir və bu, sürücü-sərnişin münasibətlərinin pozulmasına səbəb olur:

“Əksər taksi şirkətləri qiymətləri aşağı salmaqla, başqa şirkətlərlə rəqabətə girməyə çalışırlar. Yəni, məlum şirkətləri sıradan çıxarmaq üçn oyun qururlar. Ortada əziyyət çəkənlər isə sərnişinlər və sürücülər olur. Bəzən sürücü fərdi xidmətdə müştəri qıtlığı yaşandığınagörə, taksi şirkətləri ilə işləməyə məcbur olur. Bu məcburiyyət sürücünün xeyrindən çox, ziyanına yol açır. Bu baxımdan vahid qiymət sisteminin tətbiq olunmalı və ciddi dəyişikliklər edilməlidir”.

E. Muradlı vurğulayıb ki, sərnişinlər ekonom və komfort taksi xidməti barədə öncədən məlumatlandırılmalıdır:

“Məlum məsələ ilə  bağlı vətəndaş şikayət etmək istəsə, üz tutacağı konkret qurum yoxdur. Vətəndaş Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edə bilər, amma agentlik fərqlənmə nişanı verdiyi həmin taksi sürücüsünə sadəcə tövsiyə verə bilər. Bunun hansısa cərimə və ya məsuliyyəti yoxdur. Əsas məsələlərdən biri də budur ki, bəzi sərnişinlər taksi xidmət növlərini ayırd edə bilmirlər. Ona görə də onlayn sifariş zamanı belə ekonom və komfort xidmətlə bağlı müvafiq bölmələr yerləşdirilməlidir. Sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün bu addımın atılması məqsədəuyğundur. Ümumilikdə taksi sahəsində tariflərin qiyməti normal şəkildə müəyyən edilməlidir. Nəticədə şirkətlər sürücüləri istismar edə bilməz”.

Gülşən Şərif / Redaktor.az