Miqrasiya Məcəlləsinə DƏYİŞİKLİK EDİLDİ - Bu gündən qüvvəyə minir

 16:01 24.07.2019     1238

“Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun bu gündən qüvvəyə minir.

Redaktor.az xəbər verir ki, bu barədə  Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

Yeni Qanuna əsasən bu gündən nəzərdə tutulan dəyişikliklər aşağıdakı kimidir:

1. 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və I dərəcə əlil olan şəxslər daimi yaşama icazəsi alınması ilə bağlı imtahandan azad olunurlar.

2. Müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır. Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir.

3. Yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə.

4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslər və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir.

5. Daimi yaşama icazəsi verilələrkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir.

6. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir.

Qeyd edək ki, dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaq. Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri-müəyyənlik və ya suallar olarsa, Miqrasiya Xidmətinə, xidmətin əməkdaşlarına müraciət edə bilərsiniz.

Gülşən Şərif / Redaktor.az