Bir mənzil 10 nəfərə SATILIR - MTK-ların köhnəlməyən FIRILDAĞI

 16:01 25.07.2019     1976

Ən qalmaqallı mənzil fırıldaqlarından biri eyni mənzilin bir neçə nəfərə satılmasıdır.

Qanunda bir mənzilin eyni zamanda bir neçə adama satılması qeyri-mümkün məsələ hesab olunur. Lakin Bakıda bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə vətəndaş var. Ona görə məhkəmələrdə də tez-tez bununla bağlı şikayətlərə rast gəlinir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, mənzil fırıldağı əmlak bazarının inkişafına da təsirsiz ötüşmür:

“Bəzi tikinti şirkətləri tikiləcək binanı girov qoyub, bankdan pul götürür. Bankın pulunu ödəyə bilmədikdə və ya tikintini başa çatdırmaq imkanı olmayanda vətəndaşları aldadır. Hətta təməlindən çıxarış verilənə qədər eyni mənzilin 10 dəfə satılması da müşahidə olunub. Bu vəziyyət isə bir mənzilin eyni vaxtda bir neçə şəxsə satılmasına yol açır. Tikinti şirkətlərinin verdiyi sənəd adətən alqı-satqı müqaviləsi və maliyyə arayışından ibarətdir. Maliyyə arayışı şirkətin özü tərəfindən hazırlanır və pulun tam ödəndiyini göstərir. Yəni, vətəndaşın bu arayışı yoxlatmaq və mənzilin ondan başqasına aid olmadığını öyrənmək üçün üz tutacağı hansısa rəsmi qurum yoxdur. Ona görə də məhkəmələr belə mənzil alqı-satqısı ilə bağlı problemi tam həll edə bilmir. Çünki Mənzil Tikinti Korperativləri (MTK)  sədrinin həbs olunması vətəndaşın problemini həll etmir”.

Mövcud vəziyyətdə satılan mənzillərin statistik hesablaması aparılmır və bu, vətəndaşların aldadılmasına şərait yaradan amillərdən biridir:

“Statistik hesablama aparılmadığına görə, ölkədə satılan mənzillərin sayı dəqiq bilinmir. Göstərici sadəcə binada yerləşən mənzil sayına əsasən müəyyənləşdirilir. Halbuki bu binalardakı əksər mənzil illər ərzində dəfələrlə satılır. Bu baxımdan mənzil satışı ilə bağlı qeydiyyat dövlət tərəfindən aparılmalıdır. Daşınmaz əmlak sahəsinə yatırılan vəsaitlə bağlı statistika hazırlanmalıdır”.

Sənədləşmənin qanuni yolla həyata keçirilməsi vətəndaşda inam yarada bilər:

“2017-ci ildə mənzillərin notarial qaydada alqı-satqısı ilə bağlı qərar çıxmışdı. Lakin bu qaydaya bütünlüklə əməl olunmadı. Hazırda cəmi bir neçə şirkət notarial qaydada alqı-satqı işi ilə məşğuldur. Digər şirkətlər isə bu işi ofisdaxili, öz möhür və imzası ilə həyata keçirir. Ona görə də mənzilin vətəndaşa məxsus olması ilə bağlı əlində dəqiq sübutu olmur. Bu cür şirkətlərin fırıldağı nəticəsində vətəndaşlar bina evlərindən mənzil almağa çəkinir. Sənədləşmənin qanuniləşdirilməsi vətəndaşların inamını bərpa etməklə yanaşı, dövlət büdcəsinə də külli miqdarda vəsait gətirə bilər”.

Gülşən Şərif / Redaktor.az