Valideynlərin NƏZƏRİNƏ - Aliment Fondu yenidən GÜNDƏMDƏ

 15:07 26.07.2019     2111

Bu ilin may ayında Milli Məclisin iclasında deputat Fazil Mustafa Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürüb.

Bu təklif cəmiyyət tərəfindən müsbət qarşılansa da, reallaşdırılmasına dair addımlar atılmadı. Buna baxmayaraq, Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Azərbaycanda Aliment Fondunun yaradılmasına ehtiyac varmı?

Vəkillər kollegiyasının üzvü, vəkil Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirib ki, alimentlə bağlı məsələlər çoxşaxəli olduğundan həmin münasibətlərin detallı təhlili zərurəti ortaya çıxır. Buna görə də Aliment Fondunun yaradılması zəruridir:

“Aliment Fondunun yaradılması təşəbbüsü zaman-zaman ciddi müzakirə mövzusu olsa da, hazırda belə bir fondun yaradılması ilə bağlı  təşəbbüs dəstəklənməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq, o cümlədən hər kəsin layiqli həyat şəraitini təmin etmək dövlətin vəzifəsidir. Yəni, dövlətimiz sosialyönümlüdür. Hər kəsə, xüsusən dövlətin himayəsinə ehtiyacı olan kateqoriyanın hər birinə minimum da olsa, ödənişlər edilməkdədir. Aliment uşaqların saxlanma xərcinin qarşılanması məqsədi ilə verilir. Bu xüsusi diqqət və qayğıya ehtiyacı olan, əmək qabiliyyətsiz azyaşlı övladların saxlanma xərclərinin qarşılanması məqsədi ilə ödənilən pul vəsaitidir. Bəs, aliment ödəməyə borclu olan şəxs bu vəsaiti ödəməsə necə olur?! Yəni, qida kimi xərclərin qarşılanması gecikdirilərsə, hətta ödənilsə belə uşaqların mənafeyinə ciddi xələl gətirmirmi?! Göstərilən səbəblərdən dolayı vaxtlı-vaxtında ödəmələrin aliment fondu tərəfindən konkret tarixlərdə qarşılanması bir növ uşaqların hüquqlarının qorunması, onların layiqli həyat səviyyəsinin təmin edilməsi, minimum ehtiyaclarının düzgün qarşılanması baxımından çox əhəmiyyətli olardı”.

Vəkil bildirib ki, Aliment Fondunun əsas məqsədi ödənişlərin vaxtlı-vaxtında davamlı olaraq ödənilməsini təmin etməkdən ibarət olmalıdır:

“Aliment fondu tərəfindən ödəniləcək vəsait barədə reqres qaydada fondun tələb hüququ saxlanılmalıdır. Həmçinin gecikdirilmiş vəsait üçün əlavə faiz dərəcələrinin də müəyyən olunması yaxşı olardı. Çünki öhdəliklərini mütəmadi olaraq vicdanla yerinə yetirənlə yerinə yetirməyənlər sosial ədalət prinsipi baxımından fərqləndirilməli, öhdəliklərini yerinə yetirməyənlərə əlavə sanksiyalar tətbiq olunmalıdır. Beləliklə, aliment fondunun yaradılması məsuliyyəti azaltmadığından boşanmalar, nikaha xitam vermə halları ilə əlaqələndirilməsi doğru olmazdı”.

R.Qaraşov onu da qeyd edib ki, aliment fondu aliment öhdəliklərinin mütləq dərəcədə yerinə yetirilməsinin təminatçısı qismində çıxış edə bilər:

“Valideynlər ayrıldıqda, nikaha xitam verdikdə belə uşaqlar öz minimum xərclərini bu vəsait hesabına hər bir halda qarşılaya bilərlər. Məsələn, praktikada birinci qrup əlildən də aliment alınması nəzərdə tutulur. Lakin həmin əlillik dərəcəsi o halda verilir ki, şəxs əmək qabiliyyətini itirmiş olsun.  Əmək qabiliyyətini itirmiş şəxs isə bu ödənişləri necə etsin və ya necə edə bilər sualı cavabsız qalır. Demək həmin valideynlər nikaha xitam verdikdə aliment borcunun ödənilməsi öhdəliyi daşısalar da, bu öhdəliyi yerinə yetirmək iqtidarında deyillər. Xüsusilə ödənilməsi qeyri-mümkün olan, yaxud ciddi çətinlik yaradan (məs,borclunun ölkəni uzunmüddətli tərk etməsi və yaşayış   yerinin bəlli olmaması və s bu kimi hallarda) alimentin bu fond tərəfindən həyata keçirilməsi çox müsbət bir hal olardı. Dövlətimizin də bu cür məsələlərə xüsusi həssas yanaşması, geniş maddi imkanları bu ümidləri bir qədər də artırır”.

Gülşən Şərif / Redaktor.az