Bu nişanları görən kimi SÜRƏTİ AZALDIN - Sürücülər, DİQQƏTLİ OLUN

 16:32 29.07.2019     2419

Artıq 2 gündür ki, bəzi yollarda YPX avtomobillərinin maketləri quraşdırılıb.

Maketin özəlliyi ondan ibarətdir ki, kənardan baxanda patrul avtomobili kimi görünür. Dünya təcrübəsində istifadə olunan bu metoda cəmiyyətimizdə yanaşma isə birmənalı deyil.

Görəsən, yeni maket-patrul maşınları yol qəzalarının sayının azalmasında effektiv təsirə malik ola biləcəkmi?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirib ki, maket-patrul maşınlarının effektiv təsirinin olacağı gözləniləndir:

“Sürücülər adətən avtomobil idarə edərkən yol-patrul xidmətinin ekipajını görəndə idarəetmə üsulunu düzgün seçə bilir. Yəni, sürət həddini aşıblarsa, tələbə uyğun sürəti azaldırlar və ya təhlükəli manevrlərə yol vermirlər. Hazırda tətbiq olunan yenilik beynəlxalq təcrübəyə əsaslanır. Uzun illərdir ki, tətbiq olunan bu təcrübəni səmərəli hesab etmək olar. Hətta bəzi ölkələrdə yolun kənarında polis əməkdaşına bənzəyən maketlər də qoyulur”.

Ekspert  vurğulayıb ki, sürücülərdə məsuliyyətsizlik yaranmaması üşün yeni maket-patrul maşınlarının yerləri dəyişdiriləcək:

“Maketlərin quraşdırıldığı ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin statistikası yeni metodun nə dərəcə effektiv olduğunu göstərəcək. Eyni zamanda, maketlərin yeri müəyyən müddətdən sonra dəyişdiriləcək. Ola bilər ki, dəyişiklik nəticəsində yol-putral xidmətinin əməkdaşları maketləri əvəzləsin. Ona görə də sürücülər yanlış təsəvvürlərə qapılmamalıdır və nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun idarə etməlidirlər. Bu halda bütün xoşagəlməz hadisələrdən sığortalanmaq mümkündür”.

A.Allahverənov maketin özəlliyini şərh edərkən bildirib ki, maketlərin üstündə xüsusi işıqlı mayakları var:

“Gələcəkdə maketlərin üzərində radarlaırn quraşdırılması mümkündür. Eyni zamanda, sürəti ölçən cihazlar da quraşdırıla bilər. Bu cihazlar mərkəzlə inteqrasiya olunacaqsa, sürücü hansısa qayda pozuntusuna yol verəndə avtomatik qeyd olunacaq. Ona görə də sürücülər yeni metodu qeyri-ciddi qəbul etməməlidir”.

Qeyd edək ki, hazırda 6 ədəd maket hazırdır və bu maketlər Bakı-Şamaxı, Bakı-Quba, Bakı-Qazax və s. yollarda quraşdırılacaq.

Gülşən Şərif / Redaktor.az