Dini, yoxsa rəsmi nikah? - Subaylar OXUSUN!

 17:45 31.07.2019     3255

Cəmiyyətimizdə rəsmi nikahla yanaşı, qeyri-rəsmi nikaha daxil olanların da sayı kifayət qədərdir.

Rəsmi nikahdan fərqli olaraq, qeyri-rəsmi nikah "faktiki nikah" adlanır. Bu nikah dini qaydada kəbin kəsmək yolu ilə həyata keçirilir. Bu gün cəmiyyətimizdə faktiki nikahla yaşayan ailələrin sayı heç də az deyil. Nikahla bağlı maraq doğuran amillərdən biri  hansı nikah növünün daha vacib olması ilə bağlıdır. Əksər insanlar belə hesab edir ki, rəsmi nikahdan sonra dini kəbin kəsdirmək doğrudur. Bunun əksini düşünənlər isə  ilk üstünlüyün dini kəbinə verilməsini zəruri sayır.

Maraqlıdır ki, nikah bağlanmasında hansı üsul ilk olmalıdır?

Məsələ ilə bağlı vəkil Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında bildirib ki, dini kəbinin rəsmi nikahdan öncə və ya sonra bağlanması ilə bağlı göstəriş yoxdur:

“Dini kəbinin hüquqi qüvvəsi yoxdur. Buna görə də istənilən vaxt bu nikah bağlana bilər. Hər bir halda dini kəbin qanun tərəfindən qadağan olunmayıb. Bu nikah növü gələcəkdə nikahla bağlı yarana biləcək heç bir hüquqi məsələlərə təsir edə bilmir”.

Vəklin sözlərinə görə, dini kəbin məhz insanların inancına bağlıdır və hüquqi cəhətdən qanunvericlik bu cür ər-arvadın hüquq və vəzifələrini müəyyən etmir:

“Qanunvericiliyə görə, nikah rəsmi şəkildə qeydiyyat orqanlarında dövlət qeydiyyatına alınmalıdır. Ər-arvadın hüquq və vəzifələri nikah rəsmiləşdirildikdən sonra müəyyən edilir. Digər nikahlar isə qanuni cəhətdən dövlət tərəfindən tanınmır. Azərbaycan əhalisinin 98%-i müsəlmandır. Bu baxımdan dövlət inanclara hörmət edir və buna görə dini nikahı qadağan etmir. Bununla yanaşı,  dini nikah dövlət tərəfindən rəsmi olaraq tanınmır. Yəni, sadəcə dini nikah bağlayan ər-arvad gələcəkdə heç bir hüquqi nəticəyə sahib ola bilməz. Hətta ailənin gələcəkdə uşağı olsa belə, ata adının yazılması üçün rəsmi nikahın olması vacibdir”.

Qeyd edək ki, bu ilin ilk dörd ayında  qeydiyyat şöbələri tərəfindən 18273 nikah halları qeydə alınıb. Ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən isə 20 716 uşaq dünyaya gətirilib.

Gülşən Şərif / Redaktor.az