Nazir: “Daha 3 DOST mərkəzinin açılması üçün işlər görülür”

 11:18 01.08.2019     1018

“İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız DOST mərkəzinə müraciət edib”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident  İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib. 

Nazir deyib ki, hər bir müraciət edən şəxs xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir: “Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçib, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir”. 

S. Babayev qeyd edib ki, ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparılır: “Daha 3 mərkəzin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq və beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq. DOST mərkəzinin, DOST konsepsiyasının bir mexanizmi də elektron və onlayn xidmətlərin göstərilməsi məsələsidir. Bununla bağlı orada çox müasir “Çağrı mərkəzi” qurulub. Vətəndaşlarımızdan gələn müraciətlərin sayından və onların məmnunluq səviyyəsindən görünür ki, “Çağrı mərkəzi” vasitəsilə bir çoxları öz xidmətlərini əldə edirlər, hətta mərkəzə gəlməyə də ciddi ehtiyac duymurlar. Düşünürük ki, DOST mərkəzi Sizin növbəti təşəbbüsünüz olaraq Azərbaycanın bir brendinə çevriləcək”.//Apa.az