Bütün bunlar vətəndaşların sosial vəziyyətinə hesablanıb... - Gələn il DAHA YAXŞI OLACAQ

 14:00 01.08.2019     1155

“Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbər verir”.

Redaktor.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili Prezident İlham Əliyevin ötən gün keçirdiyi müşavirədə verdiyi tapşırıqları şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, 2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi:

“Bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin və inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar”.

T.Mirkişili vurğulayıb ki, son  6 ayın iqtisadi yekunları aşağıdakı mühüm nəticələrə imkan yaradıb:

“1. Aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək, makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının 4 mlrd dollar artması deyilənlərə sübutdur.

2. 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib və iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha da artırıb. 2019-cu ilin 6 ayının yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 440 mln manat, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması bu deyilənlərə sübutdur.

3. Ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondan çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib.

4. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olub, əhalinin gəlirləri isə 6.6% artıb”.

Əldə olunan nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir:

“Ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Gülşən Şərif / Redaktor.az