Gizli işsizliyin sirləri... - Azərbaycanda NƏ QƏDƏR İŞSİZ VAR?

 18:01 02.08.2019     1955

Dövlət rəsmiləri Azərbaycanda işsizliyin səviyyəsinin inkişaf etmiş ölkələrdən də aşağı olduğunu bildirir.

Müstəqil ekspertlər isə hesab edir ki, ölkədə məşğulluğun real səviyyəsi yüksəkdir və eyni zamanda  işsiz statusu almaq iş tapmaqdan daha çətindir. Belə ki, ölkədə gizli işsizlik yüksək səviyyədədir.

Gizli işsizliyin artması sosial vəziyyətə necə təsir edir?

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, gizli məşğulluğun iqtisadiyyata və vergi tutulmalarına ciddi mənfi təsirləri var:

“Gizli məşğulluqla məşğul olan şəxslər əldə etdiyi əmək haqqından vergi ödəmir və işə götürən sosial sığorta haqqını ödəmir. Gizli işsizlik də nisbətən yüksək həddə olduqda daha zərərli olur. 1990-ci illərin sonu və 2000-ci illərin əvvəlində Azərbaycanda gizli işsizlik geniş miqyasda yayılmışdı. Bir çox zavod və müəssisələr faktiki olaraq işləmirdi, amma işçilərin məşğullar siyahısında adı var idi. Hazırda o miqyas bir qədər azalıb, amma sıfır səviyyədə deyil".

Bu gün quşçuluq sənayesində gizli işsizlik daha geniş yayılıb.

"Gizli işsizlik zamanı işçinin adı müəssisədə gedir, amma özü orada işləmir və ya ümumiyyətlə, müəssisə fəaliyyət göstərmir. Məsələn, quşçuluq sənayesində işçiləri uzunmüddətli ödənişsiz məzuniyyətə göndərirlər. Bu addımın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, işçi nə vaxtsa müəssisəyə qayıdacağına ümid edir. Mənfi tərəf isə vətəndaşın işçi kimi sayılmasıdır. Yəni,  vətəndaşın   adı işçi kimi  dövlətin rəsmi statistikasında tam məşğul kimi göstərilir".

Bu gün ölkədə natamam məşğullar var

"Natamam məşğulluq  gizli işsizlik sayılır. Bəzi işlərdə vətəndaş qeyri-formal məşğuldur, amma olduqca az əmək haqqı alır. Və ya formal məşğul olsa da, ona  cüzi əmək haqqı verilir. Bu da gizli işsizlikdir. Hazırda ölkədə 5 milyona yaxın məşğul insanın olduğu bildirilir. Onlardan cəmi 1 milyon 300 mindən bir qədər çox vətəndaşın əmək müqaviləsinin olduğu ehtimal olunur və elektron informasiya sistemində qeydiyyatdan keçiblər. Təəssüf ki, elektron informasiya sisteminin təsnifatı ictimaiyyətə açıqlanmır. Buna görə də gizli işsizliyin miqyası təxmini olsa belə, bilinmir. Dünyanın bütün ölkələrində gizli işsizlik mövcuddur. Sadəcə bu işsizlik sosial böhran həddində olmamalıdır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar ayının 1-ə kimi ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub. İşsiz statusu verilən şəxslərin 37,2 faizini qadınlar təşkil edib.

Gülşən Şərif / Redaktor.az