Vəkil adından qanunsuz istifadə edənlər SİZİ ALDADA BİLƏR

 18:01 02.08.2019     2597

Ölkədə vəkil bürolarının sayının artması gözlənilir.

Məlumdur ki, Azərbaycanda vəkil büroları Vəkillər Kollegiyasının adına rəsmiləşdirilib. Bəzi hallarda vətəndaşlar vəkil bürosunda fəaliyyət göstərən vəkil tərəfindən aldadılır və bu, haqlı narazılığa səbəb olur.

Maraqlıdır ki, vəkil bürolarına müraciət edən vətəndaşlara göstərilən xidmət qənaətbəxş sayıla bilərmi?

Vəkillər kollegiyasının üzvü, vəkil Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə vəkillər fərdi qaydada və vəkil bürolarının üzvü kimi fəaliyyət göstərə bilirlər:

 “Əvvəllər vəkil büroları vəkil məsləhətxanaları adlandırılırdı. Lakin həmin qurumların fəaliyyəti məsləhət verməklə yekunlaşmadığından adlarının dəyişdirilməsi məqsədəuyğun hesab edildi və indi bütün hüquq məsləhətxanaları vəkil bürosu adlandırılır. Vəkil bürolarının yaradılması üçün tələblər çox sadədir. Belə ki, minimum 3 nəfər Vəkillər Kollegiyasının üzvü birləşərək, istifadələrinə qeyri-yaşayış obyekti götürərək büro təsis edə bilirlər. Bürolarla yanaşı, fərdi qaydada  vəkillər  fəaliyyət göstərməkdədir.

Vəkillər Kollegiyası heç bir xüsusi məhdudiyyət qoymadan vəkillərin fəaliyyətini stimullaşdırmağa çalışır:

Hazırda bütün şəhər və rayonlarında fəaliyyət göstərən fərdi vəkillərin və  vəkil qurumlarının (bürolarının) maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil bürolarının təsis edilməsi istiqamətində bir sıra ciddi tədbirlər görülür. Məqsəd vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın daha operativ həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiə edilməsidir.

Bəzi  fərdi vəkillər fəaliyyətlərini lazımi keyfiyyətdə qura bilmirlər:

Bu vəkillərin maliyyə sənədlərində ciddi nöqsanlar aşkar edilir. Bu baxımdan həmin vəkillərin gələcəkdə bürolara keçirilməsi və ya bir neçə fərdi vəkilin birləşərək, büro təsis etməsi daha doğru olardı. Vəkil büroları vəkillərin fəaliyyətini təşkil etmək üçün yaradılır və daha çox təşkilatı-texniki məsələlər baxımından vəkillərə kömək edir. Vəkilin icraatında olan işlərlə bağlı hər hansı məhdudiyyət, araşdırma qəti şəkildə yoxdur. Bu konfidensiallığın qorunması baxımından da çox mühüm məsələdir.

Bakıda fəaliyyət göstərən vəkillərin sayı 1192 nəfərdir:

Vəkillər Kollegiyası üzvlərinin sayı 1600 nəfərə yaxındır. Regionlarında fəaliyyət göstərən vəkillərin sayı 359 nəfərdir ki, bunlardan 119 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1192 nəfərdir, bunlardan 110 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 52, regionlarda isə 26 vəkil büroları fəaliyyət göstərir. Bu rəqəmlər sabit deyil, daim dəyişir və yeni bürolar təsis edilməkdədir. Yəni, kifayət qədər fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil qurumları vardır ki, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərsin. İnternet resurslarından istifadə etməklə də istənilən vəkilin əlaqə vasitələrini əldə etmək mümkündür. Sadə vətəndaş bugün vəkil tapmaqda heç bir çətinlik çəkmir. Vətəndaşlara tövsiyə edərdim ki, hüquqi risklərini istənilən situasiyada vəkillərlə məsləhətləşsinlər. Çünki hüquq profilaktikası ən azı sağlamlıq profilaktikası qədər vacib məsələdir”.

Vəkil Əkrəm Həsənov isə bildirib ki, bu gün vətəndaşlar ehtiyac olduqda daha çox vəkil bürolarına müraciət edirlər:

“Vəkil bürolarının fəaliyyəti “Vəkillər və vəkillik haqqında” qanuna əsasən tənzimlənir. Bütövlükdə isə bütün vəkillər Vəkillər Kollegiyasına daxildir. Vəkillər Kollegiyası qeyri-hökumət təşkilatı, ictimai birlikdir. Hazırkı şəraitdə vətəndaşlar fərdi vəkillərə az müraciət edirlər. Çünki vəkil bürolarını tapmaq, fərdi vəkil tapmaqdan daha rahatdır. Həmçinin vəkil bürosuna müraicət edən vətəndaşın probleminin həll edilməsi rahat olur. Belə ki, vətəndaşın tutduğu vəkilin bir iş olarsa, büroda olan digər vəkil vətəndaşa kömək edə bilir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edən şəxslər məsuliyyətə cəlb olunur. Fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Gülşən Şərif / Redaktor.az