Ev almaq istəyənlərin DİQQƏTİNƏ - Ayın sonuna kimi...

 11:00 06.08.2019     4566

İyun ayı ilə müqayisədə iyul ayında mənzil bazarında sabitlik müşahidə olunub.

Xüsusən də alqı-satqı əməliyyatlarında bu tendensiya özünü daha çox biruzə verib. Maraqlıdır, indiki şəraitdə təkrar mənzil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda köhnə binalardan mənzil satışında alıcı qıtlığı yaşanır. Mövcud şəraitdə ipoteka kreditlərinin dayandırılması da mənzil bazarında passivliyə səbəb olub:

“Bu il 5 mərtəbəli binalardan mənzil alanların sayının çox az olduğu müşahidə olunur. Çünki 5 mərtəbəli binalar ipotekaya verilmir. Yeni tikilən binalarda isə qiymətlərin ucuzlaşması müşahidə olunmur. Sadəcə bəzi ərazilərdə qiymətlər cüzi qalxıb. Yeni binaların salınması Şəhərsalma və Arxitektura Komitəsinin yeni normativlərinə əsasən həyata keçirilərsə, bu halda qiymətlərin bahalaşacağı gözləniləndir. Çünki tikinti şirkətləri əvvəllər 1 hektarda 50-60 min kvadratmetr tikə bilirdilərsə, indi 1 hektarda maksimum 25 min kvadratmetr tikə biləcəklər”.

Ekspertə görə, avqustun sonu və sentyabrın əvvəllərindən etibarən köhnə binalarda yerləşən 1 və 2 otaqlı evlərə tələbat artacaq:

“Yay aylarında mənzil bazarında alıcılıq qabiliyyəti o qədər də yüksək olmur. Buna görə də bazarda durğunluq yaşanır. Lakin köhnə və yeni binalar ipotekaya ayrılarsa, bu zaman qiymətlərdə 20%-ə yaxın satış payı çoxalacaq. Eyni zamanda sentyabrdan etibarən tələbələrin paytaxta üz tutması fonda mənzillərə tələbat yüksək olacaq. Bəzi valideynlər ali məktəbə qəbul olunan övladının kirayədə qalmaması üçün Bakıdan ev alır. Bəzi vətəndaşlar isə ev alaraq tələbələrə kirayəyə verir. Bu isə bütün hallarda mənzil bazarında canlanmaya yol açacaq”.

Gülşən Şərif / Redaktor.az