Şikəst doğulan körpələr, dağılan ailələr... - Erkən nikahın AĞIR FƏSADLARI

 16:52 07.08.2019     746

Bu gün cəmiyyətimizin əsas problemlərindən biri qız uşaqlarının erkən nikaha sövq edilməsi və  mənəvi zorakılığa məruz qalmasıdır.

Bəzi hallarda bu zorakılıq qız uşaqlarının həyatının faciəvi sonluğuna, intihar etməsinə səbəb olur. Son zamanlar mətbuatda erkən nikaha məcbur edilən yeniyetmə qızların intiharları da vəziyyətin kritik səviyyədə olduğunu göstərir.

Görəsən, valideynlərin övladlarını erkən nikaha sövq etməsinin səbəbləri nədir?

Məsələ ilə bağlı deputat Tahir Rzayev Redaktor.az-a açıqlamasında bildirib ki, bəzi valideynlər uşağının problemlərindən qurtulmaq üçün onu erkən nikaha sövq verir. Halbuki o qız uşağının başına min oyun gəlir və çox hallarda boşanır:

“Erkən nikaha daxilomalar dünyagörüşünün azlığından baş verir. İstər valideynlər, istərsə də ailə quranların dünyagörüşü yoxdursa,  tibbi və gələcəkdə yarana biləcək problemləri görə bilmirlər. Adətən erkən nikahın regionlarda daha çox yayıldığı deyilir. Bu, doğru yanaşma deyil. Bəzi hallarda erkən nikah regionun özündə deyil, hansısa kəndində müşahidə olunur. Çünki kəndin əvvəldən mentaliteti elə formalaşıb ki, uşağın 15 yaşı olan kimi evləndirirlər. Ona görə də erkən nikahın hansısa rayonda daha çox yayıldığını konkret demək olmaz. Erkən nikah problemi məkandan deyil, insanın savadından qaynaqlanır”.

Deputat bu problemlə bağlı Milli Məclisdə çox böyük konfransların keçirildiyini qeyd edib:

“Milli Məclis sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı tərəfindən bu məsələ dəfələrlə müzakirəyə çıxarılıb. Hətta xarici ölkələrdən gələn müəyyən ekspertlər, dövlət qurumlarının nümayəndələri də bu müzakirələrdə iştirak ediblər. Bu addımların effektiv təsiri olub, lakin bütünlüklə aradan qaldırılmayıb. Çünki zaman keçdikcə əhalinin sayı artır. İnsanların sayı artıqca, bu neqativ halın artması ehtimalı da artır. Bütün hallarda erkən nikah ciddi problemdir və qarşısı alınmalıdır”.

Deputatın fikrincə, boşanmaların artmasının və şikəst uşaqların dünya gəlməməsinin bir səbəbi də erkən nikahlara bağlıdır:

“Müəyyən tibbi qaydalara hazır olmayan ailələrdə yaşanan stresslər uşaqların şikəst doğulmasına səbəb olur. Eyni zamanda erkən nikahlar  boşanmaların sayının artmasına da təsir edir. Ailədə xırda problem olan kimi tərəflər boşanırlar. Nəticədə dünya gətirdikləri uşaqlar da ortalıqda qalır. Bu baxımdan erkən nikah problemi hər bir vətəndaşımızı düşündürməlidir. Erkən nikahla bağlı ciddi maarrifləndirmə işləri aparılmalıdır. Mətbuat, QHT-lər, aidiyyatı dövlət qurumları erkən nikahın maddi və mənəvi ziyanları barədə vətəndaşlara sistemli şəkildə məlumat verməlidir. Çünki baş verən ziyanlar ailələr arasında düşmənçilik yaradır. Bu vəziyyətin qarşısını almaq vacibdir ki, valideynlər uşaqlarını bədbəxt etməsinlər”.

Erkən nikah probleminin həlli barədə T. Rzayev vurğulayıb ki, qanunda erkən nikaha girənlər üçün nəzərdə tutulan cəza tədbirləri  daha da sərtləşdirilməlidir:

“Cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var. Valideyn öz övladını erkən nikaha təhrik edirsə, o valideynə cəza verilməlidir. Çünki 15-16 yaşlı uşağı nikaha məcbur etmək valideynin günahıdır”.

Qeyd edək ki, hazırda Azərbaycanda nikaha daxilolma yaşı qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunub. Cinayət Məcəlləsinin 176-cı maddəsinin birinci bəndində əsasən, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə dörd min manata qədər cərimə və yaxud dörd ilə qədər həbs nəzərdə tutulur. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşib.

Gülşən Şərif / Redaktor.az