Nənə və babalar ALİMENT ÖDƏYƏ BİLƏR - Mütləq oxuyun!

 10:36 30.08.2019     1904

Ailə münasibətlərinin sonlandırılması zamanı ən çox mübahisə predmeti olan məsələlərdən biri alimentlə bağlı olur.

Bu gün belə halların çox olması üzücü olsa da, reallıq göz önündədir. Aliment dedikdə isə ağıla ilk gələn adətən ata olur. Lakin qanunla aliment məsələsində hər iki valideynin hüquqları eynidir. Maraq doğuran məqam budur ki, valideynlər aliment ödəməkdən imtina edərsə, bu halda alimenti hansı şəxslər ödəyə bilər?

Vəkil Emin Kiçikbəyov Redaktor.az-a açıqlamasında bildirib ki, aliment verilməsi ilə bağlı ər və ya arvadın hüququları bərabərdir:

“Aliment latın sözü olub və qida, yemək sözündən götürülüb. Münasibətdə izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu xərc anlamındadır. Məhkəmə qaydasında zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödənilməsinin tələb etmək hüququ var”.

Aşağıdakı hallarda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir:

“- hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

- sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 

- nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

- ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Aliment alan keçmiş ər və ya arvadın maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda və ya əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir”.

E. Kiçikbəyov vurğulayıb ki, yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna kifayət qədər imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər:

“Yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün baba və ya nənədən də aliment tələb etmək olar. Eyni zamanda imkansız bacı imkanlı bacıdan aliment tələb edə bilər. Bu gün təcrübədə əsasən ər-arvad arasında aliment tələbinə rast gəlirik. Bəzi hallarda isə atanın aliment ödəyə bilməməsi uşağın maddi təminatında problemlər yaradır. Lakin qanunvericilik, alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir. Baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və valideynlərindən maddi yardım ala bilməyən nəvə kifayət qədər imkanı olan baba və nənədən aliment tələb edə bilər. Məhkəmə tərəflərin aliment kəsilərkən aliment ödəyən şəxsin maddi durumunu nəzərə alınmalıdır”.

Gülşən Şərif / Redaktor.az