Kirayə ev axtaranların DİQQƏTİNƏ - Qiymətlər BAHALAŞDI

 13:55 30.08.2019     2335

Yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin mövcudluğu  kirayə evlərə tələbatı artırıb.

Tələbatın artması isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir. Hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır. Maraqlıdır ki, bu il kirayə evlərin qiymətində dəyişiklik hansı səviyyədədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır:

“Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur. Hazırda  kirayə ev tapmaq çətinləşib.  Eyni zamanda Yasamal rayonunda sosial evlərin tikilməsindən sonra kirayə evlərə olan tələbat nisbətən azalıb”. 

Kirayə ev tapmaq məsələsində böyük problemi bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr yaşayır:

“Ölkəmizdə universitetlərin əksəriyyəti Yasamal rayonu ərazisində yerləşir. Ona görə də tələbələrin çoxu Yasamal, “Sovetski”, “Kubinka” kim ərazilərdə 100-150 manat civarında  kirayə həyət evlərində yaşayırdılar. Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib. Əksər hallarda tələbələrə kirayə ev verilmir”.

Avqust-sentyabr aylarında kirayə ev qıtlığının yaşandığını bildirən ekspertə görə, oktyabr ayından etibarən kirayə mənzil bazarında stabillik yaşanacaq:

 “Yeni tikili binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir. Qiymətin yüksək olmasına təsir edən amil isə turistlərlə bağlıdır. Mikrorayonlarda, Qara Qarayev və Neftçilər metrostansiyaları yaxınlığında yerləşən  yeni tikili binalarla köhnə binalarda verilən kirayə evlərin qiymətində isə çox cüzi fərq var. Kirayə mənzil bazarında bahalaşma əsasən günlük kirayə verilən evlərdə müşahidə olunur. Belə ki, bu mənzillərdə kirayə haqqı 1 gün üçün 50-300 manat civarında dəyişir”.

Gülşən Şərif / Redaktor.az