Avirtel şirkətindən sərt ittiham: "Bizi sıxışdırırlar, deyirlər ki, özünüzə Amerikada fəaliyyət seçin" - VİDEO

 10:20 05.09.2019     3745

Azərbaycanın informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən Avirtel şirkəti redaktor.az saytına müraciət edib.

Şirkətin hüquqşünası Qəzənfər Paşayev bildirib ki, son illər qəsdən fəaliyyətlərinə əngəl törədildiyi üçün onlar internet istifadəçilərini itirirlər:

“Amerika şirkəti “Cybernet Communication Inc”nin filialı olan Avirtel  artıq 19 ildir Azərbaycanda İKT sahəsində fəaliyyət göstərir. Şirkətimiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan “Aztelecom” MMC-yə tabe olan telekommunikasiya qovşaqlari ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-cı ildən etibarən regionlarda genişzolaqlı İnternet xidmətləri göstərir.  Bu qurumlardan biri də Abşeron  Telekommunikasiya Qovşağıdır. Bizim şirkətlə bu qurum arasında da 2013-cü ildə əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqviləyə əsasən, ATS-də yerləşən avadanlıqlarımız vasitəsilə istifadəçilərə internet xidməti göstərilir. Lakin hazırda Abşeron rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışan Mikayıl Babayev şirkətin fəaliyyətinə süni maneələr törədir. Onun “səyləri” nəticəsində abunəçilərimizin sayı son bir neçə ildə təxminən 4 dəfə azalaraq, 2500-dən 700-ə düşüb. Mikayıl Babayevin göstərişi ilə avadanlıqlara birbaşa müdaxilə edilir, internet xidməti dayandırılır, istifadəçilərə zəng edilərək Avirtel şirkətinin bağlandığı, “Aztelecom” provayderə keçmək məsləhət görülür. Avadanlıqlarımız tez-tez söndürüldüyü üçün istifadəçilər Avirtelə güvənmir, bu da şirkətə maddi ziyan vurmaqla yanaşı, onun reputasiyasına da ciddi xələl yetirir. Mikayıl Babayev mövcud istifadəçiləri müxtəlif yollara əl ataraq Avirtel şəbəkəsindən ayırmaqla yanaşı, Avirtel internetə qoşulmaq istəyən istifadəçilərə də rədd cavabı verir. Hazırda bütün qoşulmalarımız dayandırılıb. Abşeron ərazisində heç kim Avirtel’ə qoşula bilmir”.

Sözügedən səs yazılarını təqdim edirik:

Hüquqşünas iddia edir ki, Mikayıl Babayev vaxtilə Şirvan şəhər Telekommunikasiya Qovşağında rəis əvəzi vəzifəsində çalışarkıb də şirkətin fəaliyyətinə əngəl yaradıb. Onun səyləri nəticəsində Şirvanda müştərilər oğurlanaraq “Aztelecom” provayderə keçiriliblər.

“Bir müddət öncə məsələyə yerində baxmaq üçün 3 əməkdaş Abşeron rayon Telekommunikasiya Qovşağında olduq. Avadanlıqlarımıza müdaxilə olunduğunun şahidi olduq. Bununla bağlı mütəxəssis rəyi var, akt da tərtib olunub. Mikayıl müəllim bununla bağlı yazılı şəkildə məktub göndərsək də o, cavab olaraq bildirib ki, gedib Amerikada özümüzə fəaliyyət seçək. Sitat “Azərbaycan şirkəti Amerikada fəaliyyət göstərə bilmirsə, siz niyə burada fəaliyyət göstərməlisiniz?”  Mikayıl Babayevin dediyi bu fikirlər “Xarici İnvestisiyanın qorunması haqqında” AR Qanununa və dövlət başçısının qəbul etdiyi Strateji Yol Xəritəsinin müvafiq müddəalarına tamamilə ziddir. Mikayıl Babayev qəbul etməsə də, onun məqsədinin Avirtel-i sıxışdıraraq Abşeron TKQ-da fəaliyyətini tamamilə iflic vəziyyətə salmaq olduğunu  görmək çətin deyil. Bununla bağlı səs yazıları da var. Artıq iş məhkəmədədir. İnanıram ki, ədalətli qərar çıxarılacaqdır. Lakin işin məhkəmədə olduğu zamanda avadanlıqları dayandırmaq, bizim ATS-ə girişimizi məhdudlaşdırmaq, öz vəzifə səlahiyyətlərini belə kobud şəkildə pozaraq ondan sui-istifadə etmək düşünürük ki, yolverilməzdir”.

Məsələylə bağlı Abşeron rayon Telekommunikasiya Qovşağının rəisi Mikayıl Babayevlə əlaqə saxladıq. O bildirdi ki, hazırda şirkətlə heç bir rəsmi müqavilə mövcud deyil:

“Onların əvvəl müqavilələri olub. Lakin sonradan müqavilə şərtləri dəyişdiyi üçün indi də müqavilə bağlamaq istəmirlər”.

Avirtel şirkətinin hüquqşünası Qəzənfər Paşayev isə cavab olaraq bildirib ki,  Abşeron TKQ və Avirtel MMC arasında 2013-cü ildə imzalanmış və hazırda qüvvədə olan əməkdaşlıq müqaviləsi mövcuddur. Təbii İnhisarlar haqqında Qanuna əsasən təbii inhisarçı orqan müqaviləni birtərəfli qaydada ləğv edə bilməz. 2013-cü ildə Abşeron TKQ ilə imzalanan müqavilədə icarə haqqı 3 kvadrat metr üçün 17 manat 70 qəpik nəzərdə tutulub.

2017-ci ildə Abşeron TKQ tərəfindən təklif olunan yeni müqavilə layihəsində icarə haqqı 0.5 kvadrat metr üçün 210,00 manat göstərilir.Tariflər birdən-birə 42 dəfə artırılıb və təbii olaraq yeni müqavilə layihəsi tərəfimizdən imzalanmayıb. Lakin bu, 2013-cü ildə imzalanmış müqaviləni qüvvədən salmır.

Bununla bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinə də tərəfimizdən məlumat verilib. Ümumiyyətlə, qiymətlərin 42 dəfə artırıla bilməsi üçün iqtisadi əsaslar mövcud olmalıdır. Azərbaycan Respublikasının Qanunlarında da bu məsələ geniş şəkildə öz əksini tapır. “Qiymətlərin tənzimlənməsi haqqında”, “Təbii inhisarlar haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” Qanunlarda ətraflı şəkildə bu barədə qeyd olunur. Abşeron TKQ rəisinin heç bir əsas olmadan mövcud müqaviləni ləğv edib qarşı tərəfə 42 dəfə artıq məbləğdə, iqtisadi cəhətdən əsaslandırmadan yeni müqavilə təklif etməsi və bu müqaviləni qəbul etmədiyi üçün başqa qanunsuz tədbirlər görməsi AR qanunlarına ziddir.

Əlavə olaraq sual yaranır: Əgər müqavilə yoxdursa, Mikayıl Babayev 2017-ci ildən bəri nəyə əsasən Avirtel MMC-yə hər ay xidmət haqqı üzrə fakturalar göndərir və ödəniş tələb edir?!

Şirkətin İcraçı Direktoru Sevda Şabani bildirib ki, bir TKQ rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bu qədər irəli gedə bilməyi sadəcə təəssüf doğurur.

Sitat: “Qanunvericiliyin belə kobud şəkildə pozulması halları 100% xarici investisiyalı özəl şirkət olaraq bizi narahat etməyə bilməz. Şirkət və ən əsası istifadəçinin xəbəri olmadan onların açıq-aşkar şəbəkəmizdən “oğurlanması”, yeni qoşulmalara əngəl törədilməsi və əksər hallarda imtina edilməsi, texniki avadanlıqlamızın qəsdən söndürülməsi nəticəsində şirkət və istehlakçıların hüquqlarının pozulması, “innovasiya” adı ilə istifadəçilərimizin Abşeron TKQ şəbəkəsinə köçürülməsi, istifadəçilərimizə “Avirtel şirkəti bağlanır” tipli yalan -yanlış bilgi verilməsi və s. kimi hallar qəbuledilməzdir. Bu hallar qanunvericiliklə qadağan olunmaqla yanaşı, ölkə başçısının hər zaman əhəmiyyətini xüsusi vurğuladığı sağlam rəqabət mühitinin məhv olmasına gətirib çıxarır. Bundan əlavə təklif olunan yeni müqavilə layihələrində icarə haqlarının əsassız şəkildə kəskin artırılması sağlam rəqabəti mümkünsüz edir

Abşeron TKQ -nin apardığı siyasət nəinki ölkəyə xarici investorların gələcəkdə cəlb olunmasının qarşısını alır, eyni zamanda ölkənin beynəlxalq aləmdə imicinə mənfi xələl gətirir”.

2222222