Azərbaycan əhalisinin çoxunu qadınlar təşkil edir - Dövlət Komitəsi

 11:07 07.09.2019     1095

“Bu gün Azərbaycanda dövlət-qadın siyasəti həyata keçirilir. Qadınlarımız ölkənin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunmasında aktiv iştirak edir”.

Redaktor.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxışı zamanı bildirib.

O bildirib ki, Azərbaycan əhalisinin və ümumiyyətlə dünyada əhalinin çoxunu qadınlar təşkil edir: “Onların əldə etdikləri uğurlar bütün ölkənin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm qərar qəbuletmə sahələrində təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı ildən-ilə artır. Son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb”.

Sədaqət Qəhrəmanova deyib ki, dünyanın hər bir yerində, hətta ən inkişaf etmiş ölkələrində də eyni problemlər yaşanır: “Buna nümunə olaraq-miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkün həyatı və erkən nikahları göstərmək olar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub və ölkədə 1 milyondan Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda bu sırada olan qadınlar çox böyük əziyyət çəkməklərinə baxmayaraq, bu gün millət vəkili, müəllim, həkim, dövlət qulluqçusu kimi çalışırlar”.

Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, həyata keçirilmiş layihələr nəticəsində 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb.

S. Qəhrəmanova onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı artıq 46 faizə çatıb: “Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. İnanırıq ki, bu dəfə də bələdiyyələrin tərkibində qadınların sayının yüksəlməsinə nail ola biləcəyik".//Apa.az