Taksi sürücülərindən İDDİA: Yol polisi PUL ALIR - Rəsmi cavab

 13:30 09.09.2019     1089

“Lökbatana 2 manat”, “Sumqayıta 1 nəfər”, “Xırdalana yer qalmadı”...

Paytaxtın “20 Yanvar dairəsi” adlanan ərazisindən ölkənin istənilən nöqtəsinə 1 manatdan tutmuş üzüyuxarı dəyişən qiymətlərlə taksi tapmaq mümkündür. Həmin taksilər ki, istədikləri yerdə dayanıb sərnişin götürür, istədikləri qiymət tənzimləmələrini apara bilirlər. Səbəblərsə müxtəlifdir.

Məsələn, Lökbatan qəsəbəsi istiqamətində gedən taksi sürücüləri əvvəllər sərnişinləri 1 manata aparırdılarsa, indi 2 manata aparırlar. Sürücülər iddia edir ki, onlar “20 Yanvar dairəsi” adlanan ərazidə dayanmaları üçün yol polisinə hər gün 6 manat pul verirlər. Bu səbəblə, qəsəbəyə gedərkən sərnişinləri 2 manata, qayıdarkən 1 manata gətirirlər.

Maraqlıdır, DYP taksi sürücülərinin iddialarına nə cavab verəcək?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlamasında iddiaların yalan olduğunu bildirib:

“İnanmıram. Yol polisinin üzərində səsyazan cihaz var, onların hərəkətləri kameralarla izlənilir. Bu, yalan məlumatdır, şantajdır. Dəfələrlə belə hadisələr olub. Biz də sübut etmişik ki, bunun DYP-yə aidiyatı yoxdur və taksi fəaliyyətiylə məşğul olanların bəhanəsidir. Dayanma və durma hərəkətinə görə işləri aidiyyatı qurum yerinə yetirir.

Vətəndaşın belə bir faktı varsa, ona mükafat verilməsini təmin edə bilərəm. Lakin bu, mümkün deyil. 6 manata görə yol polisi buna gedə bilərmi?! Yol polisinin hərəkətinə nəzarət edən şöbə var. Həmin şöbə əməkdaşlarının vəzifəsi xidmət aparan, həmçinin xətdən çıxan polis əməkdaşının fəaliyyətinə nəzarət etməkdir. Hansısa nöqsan aşkarlanarsa, onun barəsində tədbir görülür”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ