Orta məktəbi bitirməyənlər MÜTLƏQ OXUSUN - 9-cu sinifdən ayrılıbsa...

 16:10 09.09.2019     1223

Peşmanlıq insanın əsas xüsusiyyətlərinin biridir. Ömrümüzün müəyyən hissəsində etmədiklərimizə görə təəssüflənirik. İnsan həddi-büluğa çatanda əsasən təhsilinə görə peşmanlıq hiss edir. Kimsə ali məktəbə qəbul olmadığına, kimsə daha çox oxumadığına, kimsə də tam təhsil ala bilmədiyinə görə təəssüflənir. Təhsilli olub-olmamaq insanın öz seçimidir. Bəs peşman olduqda yarımçıq qoyduğumuz təhsilimizi bərpa edə bilərikmi? 

Ölkəmizdə orta məktəbi tam oxuyub bitirməyən minlərlə insan var. Onların çoxu müxtəlif səbəblərdən məktəbi başa vura bilməyiblər. Kimisi sağlamlığına, kimisi avara həyat sürdüyünə, kimisi də bu və ya digər obyektiv səbəblərə görə elmə yiyələnə bilməyib.

 Azərbaycan reallığında orta məktəbi tam başa vura bilməyənlər, sonradan buna nail ola bilərlərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov orta təhsilini tam başa vura bilməyən vətəndaşlara yenidən şans verildiyini bildirib:

"Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçirilirdi. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Xatırladım ki, bu qayda hələ sovetlər dönəmində bir qədər fərqli formada mövcud olub. Məsələn, əvvəllər də 5-ci sinifdə təhsil alan şagirdin əgər, fitri istedadı var idisə, eksternat imtahanı keçirməklə onu bir pillə yuxarı sinfə, yəni 5-dən 6-ya yox, birbaşa 7-ci sinfə keçirirdilər. Amma indi eksternat sistemi bir az xarakterini dəyişib. Belə ki, müəyyən səbəblərdən orta məktəbi bitirmək imkanı olmayan şagirdlərə bu imtahandan keçməklə gələcəkləri üçün şərait yaradılır. Nəzərə alsaq ki, biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, boloniya sisteminə qoşulmuşuq, dünyanın müxtəlif təhsil təcrübələrini öyrənirik və s. ona görə də belə bir imtahanın keçirilməsi vacibdir".

Ekspert qeyd edib ki, ancaq digər bir məqamı da diqqətdən qaçırmaq olmaz:

"Təhsilin əsas prinsiplərindən biri də fasiləsizlik prinsipidir. Məsələn, ali məktəblərdə də tələbələrə müəyyən güzəştlər edilir. Kimsə ali məktəbin hansısa pilləsində müəyyən obyektiv-subyektiv səbəblərdən təhsilini yarımçıq qoyubsa, onlara da şans yaradılır ki, öz təhsillərini davam etdirsinlər. Bizim təhsil strategiyasında bu, ömürlük təhsil kimi öz ifadəsini tapıb. Əvvəllər ali təhsil almaq üçün müəyyən yaş məhdudiyyəti var idisə, indi o problem də aradan qaldırılıb. İnsanlara 40-50 yaşında da ali məktəbə, ikinci dəfə digər bir ali məktəbə və yaxud ikinci ixtisas seçmək üçün xüsusi imkanlar verilir. Əgər, bir şəxs hər hansı bir səbəbdən 9-cu sinifdən məktəbdən ayrılıbsa, bu, o demək deyil ki, o insan elə o məhdudiyyətdə qalmalıdır. Ona görə də həmin şagirdlər mövcud proqrama müvafiq olaraq imtahan verirlər. Və əgər, müəyyən olunursa ki, həmin kurs həcmində materialı mənimsəyibsə, yenidən ikinci dəfə imtahan verməklə öz biliklərini doğrultmağa şans yaradılır. Düşünürəm ki, təhsilin hamı üçün əlçatan olması, təhsildə fasiləsizlik prinsipinin həyata keçirilməsi baxımından çox müsbət addımdır. Burada həm də insan hüquqlarının təminatı var. Nə qədər imkan var, o imkanlardan bəhrələnmək üçün hər bir insana şərait yaradılmasını ancaq yüksək qiymətləndirmək olar".

İlkin Sultanlı / Redaktor.az