İmam Hüseyn sevgisi, adət, yoxsa təsir gücü? -Təzə Pirdə KÖHNƏ ADƏTLƏR...

 17:45 10.09.2019     946

Bu gün Məhərrəm ayının 10-cu, İmam Hüseynin, onun ailə üzvləri və tərəfdarlarının qətlə yetirildiyi gündür. Bu hadisə hicri təqvimi ilə 61-ci ildə baş verib. Artıq 1400 ildir ki, şiələr bu günü kütləvi matəm mərasimləri ilə anırlar. 

Azərbaycan dünyəvi ölkə olsa da, yəni din dövlətdən ayrı tutulsa da, bütün inanclara hörmətlə yanaşılır. Əhalimizin böyük əksəriyyətini şiələr təşkil etdiyindən, islam ənənələri daha kütləvi şəkildə yaşadılır. Hətta bu ənənələrdən doğan mərasimlər dövlət səviyyəsində dəstəklənir.Bu dəstəyə təhlükəsizlik tədbirlərindən tutmuş digər zəruri addımlar daxildir.  

 Aşurə gününə diqqət və marağ bizi paytaxtın Səbail rayonunda yerləşən Təzə Pir Məscidinə apardı. Qarşılaşdığımız mənzərənin izahatını birmənalı şəkildə vermək o qədər də asan olmayacaq...

İnancdan istifadə

Məqsədimiz məscidə yığılan iinsanların nancını təftiş etmək deyildi. Amma elə hallarla rastlaşdıq ki, bunu yazmadan keçmək olmur. Söhbət bu mərasimə yığılan inanclı insanların həssas məqamından istifadə edərək pul yığmaqdan, daha doğrusu dilənməkdən gedir. Xoşagəlməz bir mənzərə yaranmışdı.  

Özünü xəstəliyə vuran kim, "şikəst" olan kim, "kor" olan kim. "Kimsəsiz"lər onlardanda çox... Paylaşmaq, yardım etmək islamın ən böyük nümunələrindən biridi. Amma bunun adı sui-istifadə idi ki, ağlıma başqası gəlmir. İslamda "ehtiyacın olan qədər götür" anlayışı da var axı...Pullar cibə, ərzaqlar əvvəlcədən hazırlanmış torbalara gedirdi. Məşhur filmdə deyildiyi kimi: "Bunlara nə ad vermək olar- QRABİTEL". 

İslam dininin əsas xüsusiyyətlərindən biri də dünyasını dəyişən əzizlərimizin ruhuna müxtəlif duaların oxutdurulmasıdır ki, bu iş bəzi mollaların əsas gəlir mənbəyi hesab olunur. Necə deyərlər, həkilmi dirilər, mollanı ölülər dolandırar...  Əlində dəftər "yasin, yasin, yasin oxuyuram". Nə yaxşı ki, "yasindən qalmadı" demirlər...  Siyahıya aldığı hər şəxsin ödənişi 3-5 manat arasında dəyişirdi (baxır,adamına). Bir neçə ölüsünə yasin oxutdurana endirim də edilirdi. Bax, burda ədalət prinsipi qorunurdu.  

Zəncirlənən uşaq psixologiyası...

Övladlarımız bizim-dövlətimizin gələcəyidir. Onların insan, vətəndaş kimi böyüməsində valideynin müstəsna xidməti olmalıdır. Yəni hə şey birinci olaraq, evdən başlayır. Deməli, evdəkinin kim olduğu da önəmlidir. Dini inanc azad olduğu kimi, yaş məhdudiyyəti kmi bir qadağa da yoxdur. Uşağın inanclı böyüməsi onun müəyyən pis vərdiş və əməllərdən çəkindirə də bilir. Amma məcburi və ya kortəbii inanca sürüklənmə yaxşı heç nə vəd eləmir.  

Bax, fotoda gördüyünüz bu körpənin məqsədli şəkildə ağlamağa məcbur edildiyinin şahidi olduq. Ola bilsin ki, valideyni bunu inkar etsin. Ancaq göydən Allah baxır, məni də görür, onu da. Bəlkə də, bu məcburiyyət bu uşağı nə vaxtsa, İmam Hüseynə ağlamaqdan uzaq edəcək...

Övlad çox şeyin ilkini valideynində görür, onlardan götürür. Təmiz uşaq ağlına yazılanları silməksə heç də asan olmur. Özünə xəsarət yetirənin yanında olmaq, perespektivdə xəsarətyetirən deməkdir. Hansısa dini şəxsə sevgi başqa, uşaq psixologiyasını zəncirləmək başqa... 

Qan ver, insan yaşat!

Son illər Azərbaycanda baş tutan "Aşura"ların ən yaxşı tərəfi qan vermə aksiyalarıdır. Toplanan qanlar bazaya göndərilir, oradan da xəstəxanalara paylanılır. Hər bir nəfərin qanı, bir insan həyatının xilası deməkdir. İmam Hüseynin başı üzərində tutduğu peyğəmbərinə də, Allahına da bundan böyük ehtiram ola bilməz!. 

Təhlükəsizliyi təmin edən polislərin təhlükəsizliyi...

Bu mərasimdə məscidlərə axın edən insanların sayı çox olur. Deməli kütləvi mərasimlərdə insanların təhlükəsizliyi məsələsi ortaya çıxır. Təcrübə göstərir ki, bu tip mərasimlər ixtişaş, qarşıdurma yaratmaq istəyən qüvvələrin əsas hədəf obyekti olur. Bütün baş verə biləcək hadisələrin qarşısını almaq üçün, hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçir. Və ziyarətçilərin üzərinə düşən vəzifə ondan ibarət olmalıdır ki, asayiş keşikçilərinin dediklərinə əməl etsinlər. Biz nədən danışırıq, gördüklərimiz nə deyir?

Peşiman olub bir polis nəfəri, bir qadının kürək nahiyyəsinə yüngülcə toxunaraq, ona istiqamət verib. Həyat yoldaşı səsini atıb başına ki, "sən kimsən, mənim arvadıma toxunursan?". İşə polisin başbiləni qarışdıqdan sonra, "balaca" polisin nəfəsi üstünə gəlib. Bax bu xüsusda- polisin vətəndaşlarla hansı formada davranışı, toxunuşu ayrı bir söhbətin mövzusu ola bilər.

Xülasə, bu, hələ bir məsciddə gördüklərimizin bir qısmi idi. Kifayətlənmək olar. O xatirə ki, bu günü, ümumilikdə islamı məntiq və ağılla dəyərləndirən, qaydalara, ənənələrə sayqı göstərən xeyli sayda insan var. Kərbəla şəhidlərini hörmətlə anırıq!

Hazırladı: İlkin Sultanlı

Fota: Müzəffər İsmayilov