"Qida Təhlükəsizliyi Agentliyi ümidləri puç etdi" - AQTA-ya qarşı SƏRT İTTİHAMLAR

 11:38 12.09.2019     699

Sağlam qıda, sağlam həyat deməkdir.

Bütün cəmiyyətlərdə ən çox diqqət edilən amillərdən biri qida rasionuna qəbul edilən məhsulların keyfiyyəti məsələsidir. Çünki qəbul edilən qidalar xırda narahatlıqlardan tutmuş, genefondun zədələnməsinə qədər, ciddi problemlər yarada bilir. Bu məntiqlə təxminən bir il əvvəl Azərbaycanda bu sahəyə məsul olan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Amma agentlik mövcud problemləri aradan qaldıra bildimi? Yenə də mütəmadi olaraq ərzaq məhsullaından zəhərlənmə halları ilə bağlı xəbərlər gəlir.  Hətta AQTA özü də təkcə iyun, iyul və avqust aylarında məsələ ilə bağlı 119 müraciətin daxil olduğu barədə açıqlama verib. Bu müraciətlərdən yalnız 36-nın öz təsdiqini tapdığı bildirilsə də, bu statistikanın bütün ölkəni əhatə etdiyini söyləmək düzgün olmazdı. Çünki əyalətlərdə zəhərlənmələrin, narahatlıqların səsi ya paytaxta gəlib çatmır, yada yerindəcə həll olunur. Hələ biz dədə-baba üsulu- qatıqla yolavermələri demirik.  

Zəhərlənmə hallarının çoxalmasının səbəbi nədir? Bəs, AQTA-nın verdiyi qida serfikatları...? Ümumiyyətlə, AQTA düzgün nəzarət edə bilirmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qidadan zəhərlənmə hallarının artmağa davam edəcəyini bildirib:

"Problemin kökü Qida Təhlükəsizliyi Agentliyindən yararlanır. Bir qurumun əlində 2 səlahiyyət olanda, nəticəsi belə olar... Hələ zəhərlənmə halları 2-3 il də artan statistika ilə davam edəcək. Çünki Qida Təhlükəsizliyi Agentliyi həm mallara sertifikat verir, həm də yoxlama işləri aparır. Təbii ki, bu zaman böyük problemlər və çatışmazlıqlar yaranacaq. Qidanın təhlükəsizliyinə təminatı azad qurumlara verməlidirlər. Bu zaman şəffaflıq yaranacaq. İndi AQTA iki işi birdən görür. Bu gün təminat verdiyi maldan sabah kimsə zəhərlənəndə, həmin müəssisə rəhbəri agentliyin serfikatını onun qabağına qoyur ki, bəs, bunu niyə vermisən? Qida Təhlükəsizliyi Agentliyi bu cür halların yaşanmaması üçün, zəhərlənmə faktlarını qəsdən azaldır. 119 müraciətdən 36-sının təsdiqini tapması qeyri-mümkündür". Adamların marağı nədir ki, yalandan zəhərlənmə ilə bağlı müraciət etsin.

E.Hüseynov AQTA-nın öz işini lazımınca görmədiyini bildirib:

"Cənab Prezident Qida Təhlükəsizliyi Agentliyini böyük ümidlərlə yaratmışdı. Onların əlində hazırda böyük səlahiyyətlər var. Lakin agentlik bu ümidləri doğrultmur. Qurumlarla işləmirlər, mediaya normal səviyyədə açıq deyillər. Dəfələrlə televiziyalara, debatlara dəvət olunublar, gəlməyiblər. Çünki qurumda şəffaflıq yoxdur, faktlardan qorxurlar. Maarifləndirmə işləri çox zəif gedir.  Bir sözlə, AQTA ümidləri puç etdi".

Azərbaycan Qida Təhlükəsizliyi agentliyinin iradlarla bağlı fikirlərini yaymağa hazırıq. 

İlkin Sultanlı / Redaktor.az